İnformasiya Portalı

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI, GENERAL-POLKOVNİK MƏDƏT QULİYEVIN ŞƏRƏFLi ÖMÜR YOLU

0

Mədət Qəzənfər oğlu Quliyev 27 sentyabr 1958-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
1975–1980-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda ali təhsil alıb. 1980–1982-ci illərdə Sovet İttifaqı Silahlı Qüvvələrinin Ermənistan və Gürcüstan ərazilərində yerləşən hərbi hissələrində həqiqi hərbi xidmət keçib.
İdman fəaliyyətinə 1971-ci ildən başlayıb. 1976–1980-ci illərdə sambo üzrə Azərbaycan SSR yığma komandasının üzvü olub, respublika və ümumittifaq yarışlarında uğurlu nəticələr qazanıb. Karate üzrə III dan qara kəmər sahibi olan Mədət Quliyev 1979-cu ildə SSRİ idman ustası normasını yerinə yetirib.
Əmək fəaliyyətinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində başlayıb. 1994-cü ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin regional şöbəsinin rəisi vəzifəsinə təyin olunub. Həmin ildə Gəncə hadisələri zamanı rəhbərlik etdiyi şəxsi heyətlə birlikdə dövlət çevrilişinə cəhd göstərən silahlı qruplaşmaların zərərsizləşdirilməsi əməliyyatlarında fəal iştirak edib.
1995-ci ildə yüksək peşəkarlığı və təşkilatçılıq bacarığı nəzərə alınaraq Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin reketliyə qarşı mübarizə şöbəsinin rəisi təyin edilib. Onun rəhbərliyi ilə həyata keçirilən uğurlu əməliyyatlar nəticəsində ölkədə fəaliyyət göstərən çoxsaylı mütəşəkkil cinayətkar dəstələr və xüsusilə təhlükəli axtarışda olan cinayətkarlar zərərsizləşdirilib.
1993-cü il dekabrın 10-da silahlı cinayətkar qrupun zərərsizləşdirilməsi əməliyyatı zamanı ağır güllə yarası almasına baxmayaraq, döyüş mövqeyini tərk etməyərək əməliyyatın uğurla başa çatdırılmasına nail olub və yüksək şəxsi igidlik nümayiş etdirib.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli Fərmanı ilə polis polkovniki Mədət Qəzənfər oğlu Quliyevə göstərdiyi igidlik və xidməti fəaliyyətinə görə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
1997-ci ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
Xidmət illəri ərzində müxtəlif məsul rəhbər vəzifələrdə çalışıb. 1996-cı ildə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəis müavini, 2001-ci ildə həmin idarənin rəisi, 2002-ci ildə Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin olunub.
2004-cü ildən Azərbaycan Respublikası İnterpol üzrə Milli Mərkəzi Bürosunun rəisi, 2006–2011-ci illərdə isə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifələrində xidmət edib.
14 fevral 2011-ci ildə Azərbaycan Respublikası ədliyyə nazirinin müavini və eyni zamanda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi vəzifəsinə təyin olunub.
14 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 26 sentyabr 2018-ci il tarixli 509 nömrəli Sərəncamı ilə ona general-polkovnik ali hərbi rütbəsi verilib.
20 iyun 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad olunaraq Azərbaycan Respublikasının müdafiə sənayesi naziri təyin edilib.
2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsində fəaliyyət göstərir.
Mədət Quliyev ailəlidir, iki övladı var.
Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev dövlətə sədaqəti, peşəkarlığı, mübarizliyi və uzunmüddətli dövlət qulluğu ilə ölkənin hüquq-mühafizə və təhlükəsizlik sisteminin inkişafında mühüm xidmətlər göstərmiş görkəmli dövlət xadimlərindən biridir.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.