İnformasiya Portalı

ŞAHLAR ŞÜKÜROV – AZƏRBAYCANIN MiLLİ QƏHRƏMANI

0

Şahlar Əvəz oğlu Şükürov 17 may 1952-ci ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki İqtisad Universiteti) daxil olub.
1972-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçib. Ordudan tərxis olunduqdan sonra Bakıda islah-əmək müəssisələrindən birində çalışıb. Daha sonra fəaliyyətini Ucar Rayon Daxili İşlər Şöbəsində davam etdirib.
1986-cı ildə Rostov Ali Polis Akademiyasını bitirən Şahlar Şükürov 1987-ci ildə Zərdab Rayon Daxili İşlər Şöbəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin olunub. O, polis mayoru rütbəsinə qədər yüksəlib.
Birinci Qarabağ müharibəsinin ilk illərində tez-tez döyüş bölgələrinə ezam olunur, erməni silahlı birləşmələrinə qarşı keçirilən əməliyyatlarda fəal iştirak edirdi. 11 iyul 1990-cı ildə Tərtər–Kəlbəcər yolu ilə hərəkət edən hərbi karvan Ağdərə istiqamətində düşmənin qəfil hücumuna məruz qaldı. Şahlar Şükürov qeyri-bərabər döyüşdə böyük şücaət göstərərək çoxsaylı düşmən qüvvəsini zərərsizləşdirdi və qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə polis mayoru Şahlar Əvəz oğlu Şükürova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Milli Qəhrəman ailəli idi və iki övladı yadigar qalıb.
Şahlar Şükürov doğulduğu Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib. Xatirəsinin əbədiləşdirilməsi məqsədilə Zərdab rayonunda küçələrdən biri onun adını daşıyır, rayon məktəblərindən birinə isə Milli Qəhrəmanın adı verilib.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.