Kamil Balədə oğlu Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.Kamil Nəsibov 8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta məktəbi Minkənd kəndində bitirmiş və hərbi xidmətə çağırılmışdır. Üç il sonra ordudan tərxis edilərək doğma vətəninə qayıtmış, 1973-cü ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur.
1992-ci ildə Laçın rayonunun erməni silahlı dəstələrinin hücumlarına məruz qaldığı dövrdə Kamil Nəsibov könüllülərdən ibarət özünümüdafiə bölüyü yaratmışdır. Onun komandirlik etdiyi 30 nəfərlik bölük Sadınlar, Malıbəyli, Xanallar və Suarası kəndlərinin müdafiəsində mühüm rol oynamışdır.
1992-ci il iyunun 29-da Qonaqgörməz yüksəkliyi uğrunda gedən döyüşlərin birində Kamil Nəsibov snayper gülləsindən ağır yaralanmışdır. Döyüşçü yoldaşları onu təhlükəsiz yerə çıxarmaq istəsələr də, cəsur komandir döyüş meydanını tərk etməmişdir. Çoxlu qan itirməsi nəticəsində şəhid olmuşdur.
Kamil Nəsibov ailəli idi və dörd övladı var idi.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 nömrəli fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Kamil Nəsibov Ağcabədi rayonunda dəfn edilmişdir. Doğulduğu Bozlu kəndindəki Mədəniyyət evi onun adını daşıyır.
Related Posts