Nizami Rayon Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Əsədov Sübut Həsən oğlu şəhid ailələrinə, Milli Qəhrəman ailələrinə və qazilərimizə göstərdiyi xüsusi diqqət və qayğıya, eləcə də, qəhrəmanlarımızın tanıdılması və təbliği istiqamətində gördüyü əhəmiyyətli işlərə görə fəxri diplomla təltif olunub.
Fəxri diplom Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov tərəfindən təqdim edilib.
Əsədov Subut Həsən oğlu hər zaman Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrini, Milli Qəhrəmanlarımızın doğmalarını və qazilərimizi diqqət mərkəzində saxlayıb, onların qayğıları ilə maraqlanıb, problemlərinin həlli istiqamətində əlindən gələn köməyi göstərib. Onun bu ailələrə göstərdiyi mənəvi dəstək, səmimi münasibət və həssas yanaşma yüksək insani dəyərlərin bariz nümunəsidir.
Şəhid ailələrinə və qazilərimizə qayğı göstərmək hər birimizin mənəvi borcudur. Bu istiqamətdə görülən işlər yalnız diqqət və hörmətin ifadəsi deyil, həm də Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əziz xatirəsinə sədaqətin göstəricisidir.
Sübut Həsən oğlunun Milli Qəhrəmanlarımızın həyat və döyüş yolunun tanıdılması, onların göstərdikləri qəhrəmanlıqların gənc nəslə çatdırılması istiqamətindəki xidmətləri də xüsusi qeyd olunmalıdır. O, öz fəaliyyəti ilə vətənpərvərlik ruhunun təbliğinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və qəhrəmanlarımızın unudulmamasına mühüm töhfə verir.
Təqdim olunan fəxri diplom Əsədov Sübut Həsən oğlunun uzun illər ərzində göstərdiyi diqqət, qayğı və ictimai fəaliyyətinə verilən yüksək dəyərin ifadəsidir.
Bu münasibətlə Əsədov Sübut Həsən oğlunu təbrik edir, ona gələcək fəaliyyətində uğurlar, möhkəm cansağlığı və yeni nailiyyətlər arzulayırıq. İnanırıq ki, onun şəhid ailələrinə, Milli Qəhrəmanlarımızın ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğı bundan sonra da davam edəcək, qəhrəmanlarımızın adlarının yaşadılması və təbliği istiqamətindəki fəaliyyəti yeni uğurlarla zənginləşəcəkdir.
