İnformasiya Portalı

ŞAİRƏ ƏLİYEVA NURİYYƏ

0

Nuriyyə xanımla ibtidai sinifdə bir sinifdə oxumuşuq. Məlum səbəblərdən, nankor qonşularımız tərəfindən 1993-cü ildə kəndimiz, Füzuli rayonunun Dilağarda kəndi işğala məruz qaldı. Təəssüf ki, biz doğma kəndimizdən, dədə-baba yurdumuzdan məcburi köçkün düşdük.O zaman hər birimizin cəmi 9 yaşı vardı. Uşaqlığımızı, gəncliyimizin ən gözəl illərini müharibə məhv etdi. Sonralar hər birimiz müxtəlif rayonlarda, bəzi ailələr isə paytaxtda məskunlaşmalı oldu. İllər keçdi, uşaqlıq dostlarımız böyüdü, ailə qurdu. Bu gün artıq sinif yoldaşlarımızın arasında ata, ana, hətta nənə olanlar da var. Zaman keçsə də, doğma kəndimizin, uşaqlığımızın keçdiyi yerlərin həsrəti heç vaxt ürəyimizdən silinmədi.Bu gün isə şükürlər olsun Uca Allaha ki, 2020-ci ildə Qarabağımız işğaldan azad olundu. Artıq qarabağlılar, o cümlədən Füzuli rayonunun Dilağarda camaatı mərhələli şəkildə də olsa, doğma torpaqlarına, ata-baba yurdlarına qayıtmağa başlayırlar. Bu, bizim üçün sözlə ifadə olunmayacaq qədər böyük sevinc və xoşbəxtlikdir.Nuriyyə xanımın şairə olduğunu isə yalnız bir neçə gündür öyrənmişəm. Şeirlərini oxuduqca gördüm ki, onun da qəlbində doğma Dilağardaya, Füzuliyə və Qarabağa olan həsrət, Vətən sevgisi və şəhidlərimizə böyük ehtiram yaşayır. Yazdığı şeirlərdə bizim yaşadığımız ağrıları, həsrəti və qayıdış sevincini özünəməxsus şəkildə ifadə edib. Bu, mənim üçün çox qürurvericidir.Arzu edirəm ki, Uca Yaradan bir daha ölkəmizə,dünyaya müharibə göstərməsin, heç bir uşaq öz doğma yurdundan didərgin düşməsin. Dünyaya sülh, ölkəmizə əmin-amanlıq arzulayıram.Ali baş Komandan cənab Prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm. Allah bu Zəfəri bizə yaşadan bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin.
Əziz sinif yoldaşım Nuriyyə xanıma isə yaradıcılığında böyük uğurlar arzulayıram. Arzu edirəm ki, qələmi daim iti, sözü daim təsirli olsun və bir gün onun şeirləri dünyanın müxtəlif yerlərində oxunsun. Dünya şöhrətli şairə olmağını ürəkdən arzulayıram!
Doğma Dilağardamızda, Füzulimizdə yenidən gözəl günlərimizi yaşamaq ümidi ilə…

 

 Nuriyyə xanımiın şeirlərindən bir neçəsini sizə təqdim edirik.

 

 SALAM, EVİM-EŞİYİM
Salam, mənim doğma evim-eşiyim,
Sən haradasan, yatdığım beşiyim?
Tez açın qapını, mən gəlmişəm,
Baxın görün, mən necə böyümüşəm.
Mən gəlmişəm sizi edəm ziyarət,
Axı evimizdən yox daha əlamət.
Artıq o beşikdə qalıb körpəsiz,
De görüm, bu dərdə necə dözək biz?
Qapıdayam, yoxdu heç qarşılayan,
Nə səs gəlir evdən, nə də bir səda.
Yenə bağlıdır qapıdakı dəmir,
İpdən asılı qalıb rəngli zənbil.
Yaman darıxmışam, evim-eşiyim,
Qarşıla məni, yatdığım beşiyim.
Tanımadın məni, mən qocalmışam,
Kaş o günlərə dönüb uşaq olam.
________________________________________
SİNƏM OLDU QƏM OYLAĞI
İllərdir sinəmi həsrət dağlar,
Gecə-gündüz gözlərim ağlar.
Gəlib keçdi o çətin çağlar,
Gözləyin, mən gəlirəm, dağlar.
Sənsiz sinəm oldu qəm oylağı,
Ağladım, qurudu gözümün bulağı.
Bəlkə də bunu eşitdi yerin qulağı,
Eşitdi ki, mən gəlirəm, dağlar.
El-oba olmuşdu pərən-pərən,
İndi qucaq açır dağım, dərəm.
Gözləyin, dağlar, geri gəlirəm,
Yenə çalınacaq Yanıq Kərəmi.
________________________________________
KÖNLÜM KEÇƏR QARABAĞDAN
Könlüm keçər Qarabağdan,
Gah o dağdan, gah bulaqdan,
Füzulidə gözəl bağdan,
Kəndimizdəki o çağdan.
Otuz ildir həsrət qaldıq,
Uşaq idik, çox qocaldıq.
İstəmədən biz ayrıldıq,
Füzulim, bax, biz qayıtdıq.
Füzulidə şəhid oldu,
Torpağım qandan yoğruldu.
Düşmən izi silinib getdi,
Şəhid adı əbədi qaldı.
Torpağımda şəhidlərlə
Görüşüb dərdləşdim mən.
Qələmimlə onların
Xatirəsini yaşatdım mən.


Xaliq Pəhlivanoğlu.

Bir cavab yazın

Your email address will not be published.