İlqar Sədi oğlu İsmayılov 29 mart 1959-cu ildə Bakı şəhərində anadan olub. 1966-cı ildə Nərimanov rayonundakı 45 saylı orta məktəbin birinci sinfinə daxil olub, 1976-cı ildə orta təhsilini başa vurub. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul olub və 1981-ci ildə ali təhsilini tamamlayıb. Cüdo üzrə idman ustası olub.
1981-ci ildə Nərimanov Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan İlqar İsmayılov Bakı Ordu İdman Klubunda xidmət edib. 1983-cü ildə hərbi xidmətdən tərxis olunduqdan sonra 1986-cı ilədək “Dinamo” İdman Klubunda məşqçi işləyib.
Daha sonra leytenant rütbəsi ilə Sabunçu Rayon Daxili İşlər Şöbəsində əməliyyat müvəkkili vəzifəsində xidmətə başlayıb. Xidməti fəaliyyəti dövründə kapitan rütbəsinədək yüksəlib.
1991-ci ilin dekabrından etibarən İlqar İsmayılov dəfələrlə döyüş bölgələrinə ezam olunaraq erməni silahlı birləşmələrinə qarşı keçirilən əməliyyatlarda iştirak edib. Şuşa rayonunun Malıbəyli və Meşəli kəndlərində, eləcə də Ağdam rayonu ərazilərində gedən döyüşlərdə böyük şücaət göstərib.
1992-ci ildə xüsusi tapşırıqla Laçın rayonuna ezam olunan İlqar İsmayılovun rəhbərliyi ilə 128 nəfər döyüşçü Mazutlu kəndi yaxınlığındakı Qızartı yüksəkliyinin düşməndən təmizlənməsi əməliyyatını həyata keçirib.
İgid komandir İlqar İsmayılov 1 oktyabr 1992-ci ildə gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 1992-ci il tarixli 273 nömrəli Fərmanı ilə polis kapitanı İlqar Sədi oğlu İsmayılova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Ailəli olan İlqar İsmayılovdan iki övladı yadigar qalıb. Milli Qəhrəman Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Qəhrəmanın əziz xatirəsi daim ehtiramla yad olunur. Bakı şəhərinin küçələrindən biri onun adını daşıyır. Təhsil aldığı 45 saylı orta məktəbin qarşısında Milli Qəhrəman İlqar İsmayılovun büstü ucaldılıb.
Şəhidlik zirvəsinə ucalan Milli Qəhrəman İlqar İsmayılovun əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.