İnformasiya Portalı

CƏBRAYILIN ŞƏHİD QƏHRƏMANLARI EHTİRAMLA YAD EDİLDİ

0

15 avqust 2026-cı il tarixində Cəbrayıl rayonunun Ağtəpə kəndindən olan şəhidlərimizin əziz xatirəsi yad edilib, şəhid ailələri ziyarət olunub, müqəddəs xatirə məkanlarına baş çəkilib.

Cəbrayıl rayonunun qəhrəman övladlarının xatirəsini yaşatmaq, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolunu gələcək nəsillərə çatdırmaq məqsədilə keçirilən ziyarətin təşkilatçısı Nizami Rayon Milli Qəhrəmanlar Cəmiyyətinin üzvü, Vətənqəhrəmanları.az saytının əməkdaşı Neymət Elşən oğlu Əhmədov olub. O, Vətən uğrunda canından keçən qəhrəmanlarımızın həyat və döyüş yolunun təbliğinə, onların əziz xatirəsinin yaşadılmasına xüsusi diqqət göstərir.Ziyarət çərçivəsində Cəbrayıl rayonunun Ağtəpə kəndindən olan şəhidlərimizin ailələri ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib. Daha sonra Daş Veysəlli kəndində yerləşən abidəyə baş çəkilib, şəhidlərimizin ruhuna dualar oxunub. Şəhidlər Xiyabanında da olaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsi yad edilib.Bu ziyarətin xüsusi əhəmiyyəti ondan ibarət idi ki, 15 avqust 1992-ci il  və 15 avqust  1993-cü il tarixində şəhid olan iki qəhrəmanımız — Hüseynov Həsən Hüseyn oğlu və Xuduyev Ramiz Süleyman oğlu məhz şəhid olduqları gündə yad ediliblər.Hüseynov Həsən Hüseyn oğlu  (15.08.1993-cü ildə şəhid olub) Cəbrayıl rayonunun Ağtəpə kəndinin yetirməsidir. O, Vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Xuduyev Ramiz Süleyman oğlu da Ağtəpə kəndində anadan olub və 15 avqust 1992-ci ildə Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb.Onların adının və qəhrəmanlığının gələcək nəsillərə çatdırılması, şəhidlərimizin doğma kəndlərində, ailələrinin və yaxınlarının qəlbində əbədi yaşadılması hər birimizin mənəvi borcudur.

CƏBRAYIL – QƏDİM TARİXƏ VƏ ZƏNGİN MƏDƏNİ İRSƏ MALİK YURD

Cəbrayıl Azərbaycanın qədim və zəngin tarixə malik bölgələrindən biridir. Qarabağın ayrılmaz hissəsi olan rayon özünün qədim yaşayış məskənləri, zəngin mədəni irsi və Vətənə bağlı insanları ilə seçilir. Bu torpağın hər kəndi, hər daşı Azərbaycan xalqının tarixi və yaddaşı ilə bağlıdır.Cəbrayıllılar uzun illər doğma torpaqlarında yaşayıb, burada kəndlər salıb, öz adət-ənənələrini nəsildən-nəslə ötürüblər. Lakin 1993-cü ildə rayonun işğal olunması nəticəsində Cəbrayılın dinc əhalisi doğma yurdlarından didərgin düşüb, rayonun yaşayış məntəqələri və tarixi-mədəni irsi ciddi dağıntılara məruz qalıb.

23 avqust 1993-cü ildə Cəbrayıl rayonu işğal edilib. İllərlə davam edən həsrətə 2020-ci ildə son qoyuldu. Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri işğaldan azad edildi.Cəbrayılın azad olunması Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi hadisə oldu. Bu Qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və Azərbaycan əsgərinin misilsiz şücaəti dayanır.

Bu gün Cəbrayıl öz tarixi torpaqlarına qayıdışın sevincini yaşayır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Bu qayıdışın hər addımında şəhidlərimizin müqəddəs izi və onların Vətən qarşısında göstərdikləri fədakarlıq dayanır.

ŞƏHİD XATİRƏSİNİN YAŞADILMASI BİR BORCDUR

15 avqust tarixində Həsən Hüseyn oğlu Hüseynovun və Ramiz Süleyman oğlu Xuduyevin xatirəsinin yad edilməsi böyük mənəvi əhəmiyyət daşıyır. Çünki şəhidlərimizi anmaq yalnız keçmişi xatırlamaq deyil, həm də gələcək nəsillərə Vətən sevgisini aşılamaqdır.Ziyarətin təşkilatçısı Neymət Elşən oğlu Əhmədov şəhidlərimizin adının yaşadılmasının, onların ailələrinə diqqət və qayğı göstərilməsinin, qəhrəmanlarımızın həyat və döyüş yolunun təbliğinin hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğulayıb.Neymət Əhmədovun bu istiqamətdə fəaliyyətində onun ailəsinin də xüsusi yeri var. Neymət bəyin atası Elşən Əhmədov Birinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən uğrunda döyüşmüş igidlərimizdən və qazilərimizdəndir. Onun müharibədə iştirakı və keçdiyi döyüş yolu ailədə Vətən sevgisinin, şəhidlərə ehtiramın və qəhrəmanlıq ənənələrinin formalaşmasına böyük təsir göstərib.Bu baxımdan Neymət Əhmədovun şəhidlərimizin xatirəsinin yad edilməsi, onların ailələrinin ziyarət olunması və qəhrəmanlarımızın həyat yolunun təbliği istiqamətində gördüyü işlər xüsusi məna daşıyır. Birinci Qarabağ müharibəsində döyüşmüş bir atanın övladı olaraq onun şəhid və qazilərimizin xatirəsinə göstərdiyi ehtiram həm də ailə ənənəsinin davamıdır.Cəbrayılın hər daşı, hər kəndi, hər abidəsi bizə bir həqiqəti xatırladır: Vətən uğrunda canından keçənlərin adı heç vaxt unudulmur.Bu gün biz doğma torpaqlarda Azərbaycan bayrağının dalğalanmasını şəhidlərimizin ruhuna borcluyuq. Onların qəhrəmanlığı gələcək nəsillərə örnək, adları isə Azərbaycan tarixinin şərəfli səhifəsidir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

Həsən Hüseyn oğlu Hüseynovun, Ramiz Süleyman oğlu Xuduyevin və bütün Cəbrayıl şəhidlərinin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Vətən sağ olsun!

 Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.