Milli Qəhrəman İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistanın Buxara vilayətinin Qala-Asiya kəndində Axısqa türkü ailəsində anadan olub.
1990-cı ildə ailəsi ilə birlikdə Azərbaycana köçərək Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıb. 1992-ci ilin aprelində Ermənistanın Azərbaycana qarşı başladığı işğalçılıq müharibəsi zamanı könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qoşulub.
Cəsarəti və peşəkarlığı ilə seçilən İsgəndər Aznaurov Gədəbəy istiqamətində gedən döyüşlərdə düşmənə ağır zərbələr vurub, çoxsaylı düşmən texnikasını və canlı qüvvəsini məhv edib. Xüsusilə artilleriya sahəsində göstərdiyi igidliyə görə xalq arasında “Topçu İsgəndər” adı ilə tanınıb.
1993-cü il aprelin 18-də Gədəbəyin Örükdaş istiqamətində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına şəhid olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn edilib.
İsgəndər Aznaurovun adı Azərbaycan xalqının yaddaşında Vətənə sədaqətin, mərdliyin və qəhrəmanlığın rəmzi kimi yaşayır. Onun göstərdiyi şücaət gənc nəsil üçün hər zaman örnək olacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Xaliq Pəhlivanoğlu