Media sahəsinin tanınmış simalarından olan Şəlalə Camal ikinci magistr təhsilini uğurla başa vurub
Media sahəsində fəaliyyəti ilə tanınan Şəlalə Camal növbəti akademik uğuruna imza atıb. O, ikinci magistr təhsilini uğurla başa vurduğunu rəsmi “Instagram” hesabında paylaşdığı məzuniyyət fotosu ilə ictimaiyyətə çatdırıb.
Şəlalə Camal paylaşımında bu uğurun uzun illərin zəhməti, əzmi və davamlı inkişaf istəyinin nəticəsi olduğunu vurğulayaraq, təhsilin onun həyatında hər zaman xüsusi yer tutduğunu bildirib.
Qeyd edək ki, Şəlalə Camal ilk ali təhsilini rejissor sənəti ixtisası üzrə alıb. O, ixtisası üzrə təhsilini davam etdirərək ikinci magistr təhsilini də uğurla başa vurub. Bununla da Azərbaycanda rejissor sənəti ixtisası üzrə həm yaradıcı, həm də elmi magistratura təhsilinə yiyələnən ilk məzun kimi fərqlənib.
Şəlalə Camal təhsil aldığı və peşə fəaliyyətini davam etdirdiyi illərdə yüksək akademik göstəriciləri və ictimai fəallığı ilə seçilib. O, Prezident təqaüdünə layiq görülüb, həmçinin media, elm, təhsil və yaradıcılıq sahələrində əldə etdiyi nailiyyətlərə görə bir sıra mükafat, fəxri fərman və diplomlarla təltif olunub.
Media fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olan Şəlalə Camalın müəllifi olduğu şeir və hekayələr oxucular tərəfindən böyük maraqla qarşılanır. Qeyd edək ki, Şəlalə Camal “Beşmininci il” kitabının müəllifidir.
Şəlalə Camal paylaşımında əldə etdiyi növbəti magistr dərəcəsinin onun üçün yeni hədəflərə aparan mühüm mərhələ olduğunu vurğulayaraq, gələcəkdə də elmi fəaliyyətini və peşəkar inkişafını davam etdirəcəyini bildirib.
Xaliq Pəhlivanoğlu