“Vetenqehremanları.az” memorial.az saytına istinadən xəbər verir ki, Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidlərimizdən biri də MAHHXHQ əsgəri Əyyub Ramis oğlu Bəşirov olub.
Əyyub Bəşirov 1998-ci ildə Ağdaş rayonunun Ərəş kəndində kasıb bir ailədə dünyaya gəlib. Ailənin üçüncü övladı olan Əyyub orta təhsil alıb. O, 2020-ci il sentyabrın 8-dən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) kimi Azərbaycan Ordusunun sıralarında xidmətə başlayıb.
Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşən hərbçimiz Tərtər, Talış və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərdə böyük şücaət göstərib. Füzuli şəhərinin azadlığı uğrunda aparılan gərgin döyüşlər zamanı, 14 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Oktyabrın 16-da doğulduğu Ərəş kəndində torpağa tapşırılıb.
Əyyub bu müqəddəs savaşa tək qatılmamışdı. Onun qardaşı Elçin Bəşirov da ön xətdə Vətən uğrunda döyüşən qəhrəmanlarımızdan biri olub.
Şəhid ailəsi ilə sonuncu dəfə oktyabrın 12-də əlaqə saxlayıb. Telefon danışığında xəstə anası Rəna xanımın səhhəti ilə maraqlanıb, müalicəsini yarımçıq qoymamağı, dərmanlarını vaxtında qəbul etməyi tapşırıb. O, yaxın günlərdə əlaqə saxlaya bilməyəcəyini də bildirib.
Qardaşına isə yaddaşlara həkk olunan bu sözləri deyib:
“Burada vəziyyət gərgindir. Telefonuma iki gündən artıq zəng çatmasa, bilin ki, şəhid olmuşam. Mənə halallıq verin.”
Anası Rəna xanım oğlunun son dəfə evdən ayrıldığı günü böyük kədər hissi ilə xatırlayır:
“Bir neçə saatlıq gəlmişdi. Saat 5-də geri dönməli idi. Amma dayanmadı, saat 3 olmamış qəflətən durdu və getməli olduğunu dedi. Arxasıyca su atmaq üçün evə qaçdım. Çıxanda isə nə qədər axtardımsa, tapa bilmədim, getmişdi. Bəlkə də o suyu arxasıyca atsaydım, balam geri qayıdardı. Bunu özümə bağışlaya bilmirəm.”
Şəhidin atası Ramis Bəşirov isə Birinci Qarabağ müharibəsinin qazisidir. O, oğlunun şəhadətindən sonra bu təsirli sözləri söyləyib:
“Mən şəhid olmalı idim, amma sağ qayıtdım, torpaqları itirdik. Balam isə o torpaqları geri aldı və şəhid oldu.”
Şəhid Əyyub Bəşirovun 40 mərasiminədək kənd sakinləri öz vəsaitləri hesabına onun xatirəsini əbədiləşdirmək məqsədilə yaşadıqları məhəllədə xatirə bulağı inşa ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Əyyub Bəşirov Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüş əməliyyatlarında göstərdiyi igidliyə görə ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Şəhid Əyyub Bəşirovun ömür və döyüş yolunu əks etdirən video-materialı təqdim edirik.
Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun!
Xaliq Pəhlivanoğlu