Veysəl Yadulla oğlu Musibov 15 fevral 1989-cu ildə Qazaxıstan SSR-in Taldı-Kurqan vilayətinin Kirov qəsəbəsində anadan olmuşdur.
O, orta təhsilinə Şahbuz rayonunun Sələsüz kəndində Vahid Ələkbərov adına orta məktəbdə başlamış, 7-ci sinfə qədər burada təhsil almışdır. 2004-cü ildə Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə qəbul olmuş və 2007-ci ildə həmin liseyi bitirmişdir. Elə həmin il Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2011-ci ildə ali hərbi təhsilini başa vurmuşdur.
2011-ci ildən etibarən hərbi xidmətə başlayan Veysəl Musibov N saylı hərbi hissədə taqım komandiri kimi xidmət etmişdir. 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək Xüsusi Əməliyyat Qrupunun komandiri vəzifəsində xidmətini davam etdirmişdir. 2012–2016-cı illər ərzində dəfələrlə döyüş tapşırıqlarında iştirak etmiş, 2016-cı ilin Aprel döyüşlərində fəal iştirak etmişdir.
Veysəl Musibov hərbi xidmət dövründə müxtəlif yarışlarda da iştirak etmişdir. 2018-ci ildə ordu arasında keçirilən kəşfiyyatçı qruplarının yarışında birinci yerə layiq görülmüşdür. Həmin il “Efes-2018” Xüsusi Təyinatlılar yarışında iştirak etmiş və 24 ölkənin təmsil olunduğu yarışda komandası ilə birlikdə birinci yeri tutmuşdur.
2018-ci ildə Xüsusi Əməliyyat Taborunda əməliyyat zabiti, 2019–2020-ci illərdə isə həmin taborun qərargah rəisi vəzifəsində xidmət etmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Veysəl Musibov da fəal iştirak etmişdir. O, Kəlbəcər rayonu istiqamətində Murov yüksəkliyinin alınması əməliyyatında, həmçinin Füzuli rayonunun bir sıra kəndlərinin və Cəbrayıl rayonunun azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmişdir.
Veysəl Musibov 7 oktyabr 2020-ci ildə Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. 8 oktyabr 2020-ci ildə Xırdalan şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir. Vətənə 4 yaşlı qızı və 2 yaşlı oğlu əmanət qalmışdır.
Veysəl Musibov xidmətləri dövründə bir sıra medal və fəxri fərmanlarla təltif olunmuşdur. O, Azərbaycan Ordusunun “Qüsursuz xidmətə görə” III dərəcəli medalı, “Azərbaycan Ordusunun 90 illiyi”, “Azərbaycan Ordusunun 95 illiyi” və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilmişdir. Həmçinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunmuşdur.
Veysəl Musibov ölümündən sonra “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüşdür.
Bu gün Veysəl Musibovun adı onun doğulduğu və boya-başa çatdığı torpaqlarda, eləcə də onu tanıyanların xatirəsində Vətənə sədaqət, cəsarət və qəhrəmanlıq
nümunəsi kimi yaşayır. Onun əziz xatirəsi daim ehtiramla yad edilir.
Xaliq Pəhlivanoğlu