RESPUBLİKA PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEV HAŞİMİLƏR KRALLIĞI NÜMAYƏNDƏLƏR PALATASININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL EDİB.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanla İordaniya arasında əlaqələrin dostluq və qardaşlıq üzərində qurulduğunu deyərək, ölkələrimizin hər zaman bir-birinə qarşılıqlı dəstək nümayiş etdirdiyini vurğuladı, siyasi, iqtisadi, humanitar, parlamentlərarası əlaqələr və digər sahələrdə gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirdi.
İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının Bakıda keçiriləcək 20-ci Sessiyasında Mazen Torki Saud Əl-Qadinin iştirak etməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev onun bu səfərinin ikitərəfli münasibətlərimizin inkişafına töhfə verəcəyini vurğuladı, eyni zamanda, ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın perspektivlərini müzakirə etmək üçün də yaxşı imkan yaratdığını dedi.
Mazen Torki Saud Əl-Qadi İordaniyanın Kralı II Abdullah ibn Al Hüseynin salamlarını dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Kral II Abdullah ibn Al Hüseyni ölkəmizə səfərə dəvət etdi.
Qəbula və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına minnətdarlığını bildirən qonaq bunu Azərbaycanla İordaniya arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin göstəricisi kimi dəyərləndirdi.
O, Azərbaycan Prezidentinin və İordaniya Kralının siyasi iradəsi nəticəsində ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etməsini məmnunluqla vurğuladı.
Related Posts
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.