Azərbaycan Milli Konservatoriyasının musiqi müəllimliyi ixtisasının 2026-cı il məzunu Kəmalə Qəhrəmanova tələbəlik illərində əldə etdiyi uğurları, ictimai fəallığı və peşəkar fəaliyyəti ilə seçilən gənclərdən biridir. Musiqi sahəsində qazandığı bilik və təcrübəni ictimai fəaliyyətlə birləşdirən Kəmalə, həm təhsil aldığı ali məktəbdə, həm də ölkənin mədəni həyatında fəal iştirak edib.Gəncə şəhərində anadan olan Kəmalə Qəhrəmanova musiqi təhsilini hələ erkən yaşlarında mənimsəyib.Gəncə Musiqi Kollecində “Musiqi nəzəriyyəsi” ixtisası üzrə təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə 2018-ci ildən başlayıb və 2026-cı ilədək Gəncə şəhər 4 saylı uşaq musiqi məktəbində “nəzəriyyə və musiqi ədəbiyyatı” müəllimi kimi çalışıb.2022-ci ildə Azərbaycan Milli Konservatoriyasına qəbul olan Kəmalə Qəhrəmanova qısa müddətdə AMK-nın fəal simalarından birinə çevrilib. Tələbə Gənclər Təşkilatında əvvəlcə üzv, daha sonra sədr müavini kimi fəaliyyət göstərərək tələbələrin inkişafına yönəlmiş layihələrin həyata keçirilməsinə töhfə verib. Eyni zamanda universitet daxilində yaradılmış “Musiqi saatı” layihəsinə rəhbərlik edib və UNESCO Club-un prezidenti seçilib.Tələbəlik dövründə müxtəlif bilik yarışlarında, forumlarda və mədəniyyət layihələrində iştirak edən Kəmalə Qəhrəmanova ölkə miqyasında keçirilən tədbirlərdə uğurla təmsil olunub. O, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışında iştirak edib, həmçinin müxtəlif mədəniyyət forumları, kitab sərgiləri və beynəlxalq tədbirlərin təşkilində koordinator kimi fəaliyyət göstərib.İctimai fəaliyyət sahəsində də uğurlu nəticələr əldə edən Kəmalə Qəhrəmanova “Mədəniyyət Könüllüləri” İctimai Birliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb, əvvəl Koordinator, HR daha sonra isə Katib olaraq fəaliyyətdə olub, ölkəmizin mədəni irsinin təbliği istiqamətində həyata keçirilən layihələrə rəhbərlik edib. Qarabağ bölgəsində keçirilən şəhər günləri, beynəlxalq forumlar və COP29 çərçivəsində təşkil olunan tədbirlərdə fəal iştirak edib.Onun fəaliyyəti müxtəlif mükafatlarla da qiymətləndirilib. Kəmalə Qəhrəmanova “İlin Könüllüsü”, “İlin Mədəniyyət Könüllüsü”, “İlin Tələbəsi” kimi nüfuzlu adlara layiq görülüb və ATİAHİ Respublika Komitəsinin “adlı təqaüdü”nü qazanıb.18 İyun 2026-cı il tarixində məzun olan Kəmalə Qəhrəmanova həm musiqi təhsili, həm pedaqoji fəaliyyəti, həm də ictimai layihələrdəki uğurları ilə gənc nəslə nümunə olmağa davam edir. Onun tələbəlik illərində qazandığı təcrübə və nailiyyətlər gələcək fəaliyyətində daha böyük uğurlar üçün möhkəm zəmin yaradır. O həmçinin “Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma” Ictimai Birliyinin “Elmi və Mədəni Tedbirlərin Təşkili” şöbəsinin rəhbəridir.
Related Posts
