İnformasiya Portalı

MUROVDAĞA İLK BAYRAQ SANCAN İGIDLƏRDƏN BİRİ – ŞƏHID LEYTENANT İBRAHIM VƏLZADƏNİN QƏHRƏMANLIQ SALNAMƏSİ

0

Vətən torpağı uğrunda canından keçən qəhrəmanlarımızın hər biri Azərbaycanın şərəf tarixinin silinməz səhifəsidir. Onların göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayır, gələcək nəsillər üçün vətənpərvərlik nümunəsinə çevrilir. Belə qəhrəmanlardan biri də Vətən müharibəsində misilsiz igidlik göstərərək şəhidlik zirvəsinə ucalan leytenant İbrahim Malik oğlu Vəlizadədir.
Şəhid İbrahim Malik oğlu Vəlizadə 2 aprel 1997-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunda anadan olub. Uşaqlıq illərindən Vətənə və hərb sənətinə böyük maraq göstərən İbrahim gələcəyini Azərbaycan Ordusunda xidmətə həsr etməyi qarşısına məqsəd qoymuşdu.
2018-ci ildə Ali Hərbi Məktəbi uğurla bitirdikdən sonra leytenant hərbi rütbəsi alaraq Xüsusi Təyinatlı Qüvvələrin bölməsində xidmətə başlayıb. Qısa müddətdə peşəkarlığı, cəsarəti və yüksək döyüş hazırlığı ilə silahdaşlarının hörmətini qazanıb.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk günündən döyüşlərin ən qaynar nöqtələrində vuruşan İbrahim Vəlizadə Murovdağ və Suqovuşan istiqamətlərində gedən ağır döyüşlərdə xüsusi igidlik göstərib. O, Murov zirvələrinə ilk Azərbaycan bayrağını sancan qəhrəman hərbçilərdən biri kimi tarixə adını yazdırıb. Bu şərəfli xidmət onun Vətənə sonsuz sevgisinin və döyüş əzminin ən parlaq nümunələrindən biridir.
Qəhrəman zabit üçün döyüş meydanında ən böyük dəyər silahdaşlarını qorumaq idi. 2020-ci il oktyabrın 6-da Suqovuşan istiqamətində gedən şiddətli döyüşlər zamanı yaralı döyüş yoldaşını təhlükəli ərazidən çıxarmağa çalışarkən düşmən snayperinin hədəfinə çevrilib. O, əvvəlcə qarın nahiyəsindən, daha sonra isə baş nahiyəsindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Beləliklə, son nəfəsini belə silahdaşını xilas etməyə çalışarkən verən İbrahim Vəlizadə əsl zabit və əsl qəhrəman olduğunu bir daha sübut edib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüş əməliyyatlarında göstərdiyi igidliyə və hərbi hissə qarşısında qoyulan tapşırıqları layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamları ilə İbrahim Vəlizadə ölümündən sonra “Vətən uğrunda” medalı, “Suqovuşanın azad olunmasına görə” medalı və III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.
İbrahim Vəlizadənin həyatı yalnız döyüş meydanındakı qəhrəmanlığı ilə deyil, həm də Vətən sevgisi ilə seçilirdi. Bu sevgi onun toy mərasimində də özünü göstərmişdi. O, şadlıq sarayına ənənəvi “Vağzalı” sədaları altında deyil, Azərbaycanın Dövlət Himninin müşayiəti ilə daxil olmuş, toy məclisində başı üzərindən üçrəngli Azərbaycan bayrağını asdırmışdı. Bu addım onun dövlətinə, bayrağına və xalqına olan sonsuz məhəbbətinin rəmzinə çevrilmişdi.
Şəhid leytenant ailəli idi və bir övladı var. O, oğluna Vətən uğrunda şəhid olmuş qəhrəman Fərid Əhmədovun adını vermişdi. Lakin tale ona övladının sevgisini doyunca yaşamağa imkan vermədi. İbrahim Vəlizadə oğlunu dünyaya gəldikdən sonra cəmi bir dəfə görə bilmişdi. Döyüşə yollanmazdan əvvəl həyat yoldaşına söylədiyi “Kaş oğlumu bir dəfə də qucaqlaya, öpə biləydim” sözləri bu gün də hər kəsin qəlbini sızladan ata həsrətinin ən təsirli ifadələrindən biridir.
Qəhrəman zabit oktyabrın 6-da şəhid olsa da, onun nəşi uzun müddət döyüş bölgəsində qaldı. Nəhayət, noyabrın 30-da – həyat yoldaşının doğum günündə şəhidimizin nəşi ailəsinə təhvil verildi. Bu tarix ailə üçün həm sonsuz kədərin, həm də qəhrəman övladı ilə fəxr hissinin bir araya gəldiyi unudulmaz gün oldu.
Şəhid leytenant İbrahim Malik oğlu Vəlizadə öz şərəfli həyatı və qəhrəmanlığı ilə sübut etdi ki, Vətən sevgisi hər şeydən uca dəyərdir. Onun adı Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində əbədi yaşayacaq, göstərdiyi igidlik isə gələcək nəsillərə örnək olacaq.
Allah şəhidimiz İbrahim Malik oğlu Vəlizadəyə rəhmət eləsin! Məqamı uca, ruhu şad olsun!


Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.