İnformasiya Portalı

Şəkidə iki can alan zipline qəzası: Faciəyə nə səbəb olub?

0

Sentyabrın 8-də Şəki rayonunun Baş Küngüt kəndində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki nəfər “Zipline” əyləncəsindən istifadə edərkən hündürlükdən yıxılaraq ölüb.
Bu barədə “Yeni Sabah”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İlkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü Bayramov Ucal Asif oğlu və 1995-ci il təvəllüdlü Məmmədzadə Coşqun Ceyhun oğlu “Zipline” əyləncəsindən istifadə etdikləri zaman kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb. Nəticədə əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı isə zədələnib.
Hər iki şəxs hündürlükdən yerə düşərək hadisə yerində vəfat edib.
Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və hazırda ibtidai istintaq aparılır.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, məhkəmə-tibbi, texniki-təhlükəsizlik və digər ekspertizalar təyin edilib.
Hazırda hadisənin başvermə səbəbləri və şəraiti, “Zipline” qurğularının texniki vəziyyəti və istismarının təhlükəsizlik tələblərinə uyğunluğu araşdırılır.
Baş Prokurorluq media nümayəndələrindən və sosial şəbəkə istifadəçilərindən hadisə ilə bağlı dəqiqləşdirilməmiş məlumatları yaymamağı, həmçinin ibtidai istintaqın normal gedişinə və istintaq sirrinin qorunmasına xələl gətirə biləcək məlumatları paylaşmamağı xahiş edib.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.