İnformasiya Portalı

AĞDAMDA MİLLIİ QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏRİN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ GUŞƏ BƏRPA EDİLDİ

0

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi Vətən uğrunda canından keçən şəhidlərimizin və misilsiz igidlik nümunəsi göstərmiş Milli Qəhrəmanlarımızın adları ilə yazılıb. Onların əziz xatirəsinin yaşadılması, gələcək nəsillərə tanıdılması və qəhrəmanlıq irsinin qorunması hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Bu nəcib missiyanın davamı olaraq, Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon sədri Ədhəm Məmmədovun təşəbbüsü və xahişi ilə Ağdam rayonu ərazisində Ağdam rayonundan olan Milli Qəhrəmanların və şəhidlərin əziz xatirəsinə həsr edilmiş xatirə guşəsi yenidən bərpa olunub. Xatirə guşəsinin bərpası Vətən uğrunda canlarını fəda etmiş qəhrəmanlarımızın əziz ruhuna göstərilən yüksək ehtiramın, dövlətimizə və milli dəyərlərimizə bağlılığın bariz nümunəsidir.
Bərpa olunan guşə Ağdamın qəhrəman övladlarının şərəfli döyüş yolunu, onların Vətən sevgisini və xalqımıza bəxş etdikləri qürur hissini əks etdirən mənəvi abidələrdən biridir. Burada nümayiş olunan məlumatlar, şəkillər və xatirə lövhələri ziyarətçilərə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən igidlərin həyat və döyüş yolunu daha yaxından tanımaq imkanı yaradır.
Milli Qəhrəmanlar Təşkilatının Nizami və Nərimanov rayon sədr müavini, eyni zamanda Vətən Qəhrəmanları Cəmiyyətinin sədri Nərmin xanım da bərpa olunmuş xatirə guşəsini ziyarət edib. Ziyarət zamanı Milli Qəhrəmanların və şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların Vətən qarşısındakı misilsiz xidmətləri bir daha minnətdarlıq hissi ilə xatırlanıb.
Nərmin xanım bildirib ki, belə təşəbbüslər gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. O qeyd edib ki, qəhrəmanlarımızın həyat yolu gələcək nəsillər üçün əsl məktəbdir və onların adlarının daim uca tutulması hər birimizin mənəvi borcudur. Bu cür xatirə guşələri təkcə keçmişimizin deyil, həm də milli kimliyimizin və vətənpərvərlik ruhumuzun qorunmasına xidmət edir.
Ədhəm Məmmədovun təşəbbüsü ilə həyata keçirilən bu iş, Ağdamın qəhrəman övladlarının əziz xatirəsinin yaşadılması istiqamətində mühüm addımlardan biridir. Belə layihələr həm şəhid ailələri və qazilər tərəfindən yüksək qiymətləndirilir, həm də cəmiyyətimizdə milli həmrəyliyin, vətən sevgisinin və qəhrəmanlara ehtiram hissinin daha da güclənməsinə töhfə verir.
Bir daha Vətən uğrunda canından keçmiş bütün şəhidlərimizi və Azərbaycanın Milli Qəhrəmanlarını sonsuz ehtiram və minnətdarlıqla anırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə möhkəm can sağlığı versin. Qəhrəmanlarımızın əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq və onların göstərdiyi şücaət gələcək nəsillərə örnək olaraq qalacaq.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.