İnformasiya Portalı

İBAD HÜSEYNOV – VƏTƏN UĞRUNDA ŞÜCAƏTİ İLƏ TARIX YAZAN MILLI QƏHRƏMAN

0

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov 18 oktyabr 1970-ci ildə Xocavənd rayonunda anadan olub. Qarabağ müharibəsinin ilk illərindən Vətənin müdafiəsi uğrunda göstərdiyi şücaətlə adını Azərbaycanın qəhrəmanlıq salnaməsinə yazdırıb.
Dağlıq Qarabağda münaqişənin alovlandığı dövrdə İbad Hüseynov Rusiyanın Amur vilayətində Sovet Ordusunda hərbi xidmət keçirdi. 1990-cı ilin 20 Yanvar faciəsi haqqında xəbər aldıqdan sonra digər azərbaycanlı hərbçilərlə birlikdə vaxtından əvvəl Vətənə qayıtmaq tələbi ilə aclıq aksiyasına başladı. Bu qətiyyətli addım nəticəsində o və dörd əsgər yoldaşı xidmət müddətinin başa çatmasına dörd ay qalmış tərxis olunaraq Azərbaycana döndülər.
Vətənə qayıdan İbad Hüseynov doğma Xocavənd rayonunda özünümüdafiə dəstələrinin formalaşdırılmasına qoşuldu. Qarabağ müharibəsinin ən ağır günlərində kəşfiyyat-diversiya qrupunun tərkibində fəaliyyət göstərərək düşmən arxasında bir sıra uğurlu əməliyyatlarda iştirak etdi. Döyüşlər zamanı göstərdiyi cəsarət və peşəkarlıq onu silahdaşları arasında seçilən döyüşçülərdən birinə çevirdi.
Müharibə illərində əldə olunan kəşfiyyat məlumatları əsasında Ağdam–Xocavənd istiqamətində erməni silahlı birləşmələrinə rəhbərlik edən “Avo” ləqəbli Monte Melkonyanın bölgədə olduğu müəyyən edildi. İbad Hüseynov onun fəaliyyəti barədə məlumat topladığını və həyata keçirilən xüsusi əməliyyat nəticəsində zərərsizləşdirildiyini bildirib. Bu hadisə Qarabağ müharibəsi ilə bağlı ən çox müzakirə olunan mövzulardan biri kimi yadda qalıb.
1993-cü il dekabrın 26-da mina partlayışı nəticəsində ağır yaralanan İbad Hüseynov 28 gün komada qaldı. Mürəkkəb cərrahi əməliyyatlardan və uzunmüddətli müalicədən sonra yenidən həyata qayıtdı. Sağ ayağı və sağ qolunda yaranan ciddi problemlərə baxmayaraq, əzmkarlığı sayəsində sağalaraq yenidən xidmət etdiyi hərbi hissəyə döndü.
Vətən qarşısındakı xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. İbad Hüseynov 9 oktyabr 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Sonrakı illərdə o, bir sıra nüfuzlu mükafatlara layiq görülüb. 2015-ci ildə Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzinin təsis etdiyi “Şərəf”, 2016-cı ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin “Fədai”, 2017-ci ildə Azərbaycan Respublikası Veteranlar Təşkilatının “General Səməd bəy Mehmandarov”, 2018-ci ildə isə Türkiyənin Adana şəhərində keçirilən “Dünya Avşarlar” qurultayında təqdim olunan “Üstün Cəsarət” medalları ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İbad Hüseynova Azərbaycanın ən ali fəxri adlarından biri olan “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Onun döyüş yolu, fədakarlığı və Vətənə sonsuz sədaqəti bu gün də gənc nəsil üçün qəhrəmanlıq nümunəsi kimi dəyərləndirilir.


Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.