Füzuli rayonunda ölkə əhəmiyyətli tarixi memarlıq abidələrimizdən biri də Şeyx Babı Yaqub türbəsidir. Şeyx Babı Yaqubun dəfn olunduğu bu türbə 1273–1274-cü illərdə memar Əli Məcidəddin tərəfindən tikilib. Türbə ağ daşdan hörülüb və üstü səkkizgüşəli çatma günbəzlə örtülüb. Xalq arasında “Şıxbaba türbəsi” adı ilə tanınan bu abidə Füzuli rayonunun Babı kəndinin yaxınlığında salınmış qəbiristanlıqda yerləşir.
Məqbərədəki kitabəni ilk dəfə oxuyan rus alimi Nikolay Xanikov (1822-1878) deyib ki, Şeyx Babı Yaqub türbəsi 1271–1272-ci illərdə Məşədi Babı Yaqub ibn Saadın əmri ilə tikilib. Kitabədəki yazılar ərəb dilində olduğundan tərcümə edilib. Məşədixanım Nemətin tərcüməsindən müəyyən olunub ki, bu müqəddəs türbənin Zahid, Kamil Şeyx Babı Yaqub ibn Ismayıl Qur Xər üçün tikilməsinə Hicri təqvimi ilə 672-ci ildə (Miladi 1273–1274-cü illər) əmr verilib. Məzarın sinə daşı üzərindəki yazılar tərcümə edilib. Orada yazılıb ki, “Bu müqəddəs türbə Zahid, Kamil Şeyx Babı Yaqub ibn İsmayıl Qur Xər üçün tikilib”. Məzarın sinə daşında Şeyx Babı Yaqubun İsmayıl Qur Xər oğlu kimi göstərilməsi onun İsmaililər hərəkatı ilə bağlı olmasını bildirir.
Türbə yerüstü və yeraltı hissədən ibarətdir. Türbə yaxınlığındakı məscidin iki minarəsi olmuşdur. Onlardan biri rus-iran müharibəsi zamanı dağıdılmışdır. Minarənin içərisi dar keçidli yarımdairəvi pilləkənlə hörülmüşdür. 2011-2013-cü illər Şeyx Babı Yaqub türbəsi və onun ətrafında bərpa və konservasiya işləri aparılmışdır. Abidənin bərpası zamanı abidənin yerləşdiyi əraziyə yeni maşın yolu çəkilmiş, abidədə möhkəmləndirilmə işləri aparılmış, yerə üzlük daşlar döşənmişdir. 2011-ci ildə abidə ətrafında aparılmış arxeoloji qazıntılar zamanı burada ictimai binalar sərdabə aşkara çıxarılmışdır. Bu isə türbə və onu ətraf aləmi haqqında geniş təsəvvür yaratmağa imkan vermişdir. Sərdabədə 6 daş qutu qəbir aşkar edilmişdir. Xüsusi kərpic və daşlarla hörülmüş kaşı ilə bəzədilmiş belə qəbirlərə Azərbaycanda rast gəlinməmişdir. Həmin qəbirlərdən insan sümükləri və ox ucluqları tapılmışdır. Belə təxmin etmək olar ki, bu qəbirlərdə dəfn edilənlər Şex Babı Yaqubun yaxınları, müridləri və ya silahdaşlarıdır. Abidə bərpa olunandan sonra 2013-cü ildən ziyarətə açıqdır. Şeyx Babı Yaqub türbəsi Memar Əcəmi Naxçıvani məktəbi üslubunda inşa edilmişdir.
Xaliq Pəhlivanoğlu