İnformasiya Portalı

ƏLİAĞA VAHİD – AZƏRBAYCAN QƏZƏLININ UNUDULMAZ USTADI

0

“Vetenqehremanlari.az” Kulis.az-a istinadən Azərbaycanın görkəmli qəzəl ustası Əliağa Vahid haqqında materialı təqdim edir.
Əliağa Vahid 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. İlk təhsilini mədrəsədə alsa da, ailəsinin maddi çətinlikləri səbəbindən təhsilini yarımçıq qoyaraq xarratlıq sənəti ilə məşğul olub. Gənc yaşlarından ədəbi yaradıcılığa maraq göstərən Vahid Bakıda fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisinin üzvü olub. Burada Azər (İmaməliyev), Müniri və digər şairlərin təsiri altında lirik şeirlər qələmə alıb.
Yaradıcılığının ilk dövrlərində daha çox satirik şeirləri ilə tanınan Əliağa Vahid cəmiyyətdəki haqsızlıqları, mövhumatı, sosial ədalətsizliyi və müxtəlif ictimai nöqsanları kəskin tənqid edib.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra inqilabi ideyaların təbliğində fəal iştirak edib. “Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” kimi şeirləri ilə yeni dövrün ideyalarını tərənnüm edib. O, eyni zamanda “Kommunist” qəzeti və “Molla Nəsrəddin” jurnalı ilə sıx əməkdaşlıq edib.
Şairin “Kupletlər” (1924) və “Mollaxana” (1938) kitablarında yer alan satirik əsərlərində cəmiyyətin inkişafına mane olan gerilik, savadsızlıq və mənəvi eybəcərliklər kəskin tənqid olunub.
İkinci Dünya müharibəsi illərində yazdığı “Döyüş qəzəlləri” (1943) və “Qəzəllər” (1944) kitablarında Vətən sevgisi, düşmənə nifrət və qələbəyə inam əsas mövzulardan olub.
Füzuli məktəbinin layiqli davamçısı
Əliağa Vahid klassik Azərbaycan qəzəl ənənəsinin XX əsrdə ən görkəmli nümayəndələrindən biri hesab edilir. O, böyük Azərbaycan şairi Füzulinin ədəbi məktəbini uğurla davam etdirərək qəzəl janrına yeni nəfəs gətirib.
Şairin qəzəlləri sadə dili, yüksək poetik ustalığı, musiqililiyi və xəlqiliyi ilə seçilir. Bu gün də onun əsərləri Azərbaycanın tanınmış xanəndələrinin repertuarında mühüm yer tutur.
Əliağa Vahid həmçinin Nizami Gəncəvi, Xaqani Şirvani, Məhəmməd Füzuli və Əlişir Nəvai kimi klassik şairlərin qəzəllərini Azərbaycan dilinə tərcümə edərək milli ədəbiyyatın zənginləşməsinə mühüm töhfə verib.
Əliağa Vahid 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.
Onun xatirəsini əbədiləşdirmək məqsədilə heykəli əvvəlcə Filarmoniya bağında ucaldılıb. Sonradan aparılan abadlıq və yenidənqurma işləri çərçivəsində heykəl İçərişəhər ərazisinə köçürülüb və yerləşdiyi meydan “Əliağa Vahid bağı” adlandırılıb.
Əliağa Vahid Azərbaycan ədəbiyyatında qəzəl janrının inkişafına misilsiz töhfələr vermiş, milli poeziyanın ən parlaq simalarından biri kimi bu gün də böyük ehtiramla xatırlanır.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.