Avropada güclü isti hava dalğası bir sıra ölkələrdə həyatı iflic edib. Fransada havanın temperaturunun 40 dərəcəyə çatması səbəbindən ictimai yerlərdə alkoqol istifadəsi qadağan edilib, bəzi açıq hava idman tədbirləri isə ləğv olunub.
“Vətənqəhrəmanları.az” Yeni Sabah saytına istinadən xəbər verirk ki, xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya, İspaniya, İtaliya, Portuqaliya və Böyük Britaniyada da yüksək temperaturla bağlı xəbərdarlıqlar edilib.
Meteoroloqların proqnozuna görə, Fransanın cənub-qərbindən başlayaraq Paris və Burqundiya bölgələrinə qədər uzanan ərazilərdə temperatur 39-40 dərəcə arasında dəyişəcək, bəzi yerlərdə isə 41 dərəcəyə çata bilər. Ölkədə bu gün yeni temperatur rekordunun qeydə alınacağı gözlənilir.
Almaniyanın bəzi bölgələrində havanın temperaturu 38 dərəcəyə çatdığı üçün əhaliyə xəbərdarlıq edilib. İtaliyada isə temperaturun 36-37 dərəcəyə yüksəlməsi xüsusilə turistlər üçün çətinlik yaradıb.
İspaniyada da vəziyyət gərgindir. Ölkənin bəzi bölgələrində temperaturun 40 dərəcəni keçəcəyi və yeni rekordların qeydə alınacağı proqnozlaşdırılır. Qonşu Portuqaliyada isə yaxın günlərdə havanın 42 dərəcəyə qədər isinməsi gözlənilir.
Böyük Britaniyada “tropik gecələr” barədə xəbərdarlıq edilib və temperaturun 35 dərəcəyə yüksələcəyi bildirilir. Mütəxəssislər yüksək rütubətin istinin daha ağır hiss olunmasına səbəb olduğunu qeyd ediblər.
Parisdə isti hava səbəbindən park və bağlar gecə boyu açıq saxlanılır. Fransada təcili tibbi xidmətlə yanaşı, hərbi birliklər də meşə yanğınları təhlükəsi ilə əlaqədar yüksək hazırlıq vəziyyətinə gətirilib. Ölkədə boğulma hallarında da artım müşahidə olunur.
Birləşmiş Millətlər Təşkilatının Dünya Meteorologiya Təşkilatı bildirib ki, qlobal temperaturun artmasına səbəb olan “El Nino” iqlim hadisəsi bu il daha sərt təsirlər göstərə bilər.
Qurumun açıqlamasında qeyd olunub ki, “El Nino”nun yeni mərhələsi yaxın həftələrdə başlaya bilər və bu, artıq iqlim dəyişikliyinin təzyiqi altında olan planetdə temperaturun daha da yüksəlməsinə səbəb olacaq.
Mütəxəssislər hesab edirlər ki, bu, indiyədək qeydə alınmış ən güclü “El Nino” hadisələrindən biri, hətta “super El Nino” ola bilər.
Parisdə Eyfel qülləsi və bir sıra digər məkanlarda insanların sərinləməsi üçün xüsusi su dumanı stansiyaları quraşdırılıb. Romada turistlər fəvvarələrdə sərinlənməyə çalışır, İspaniyanın Bask bölgəsində isə bəzi idman və mədəni tədbirlər ləğv edilib.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son dörd ildə Avropada 200 mindən çox insan istinin yaratdığı səbəblərdən həyatını itirib.
Ekspertlər xüsusilə yaşlıların və evsiz insanların qorunmasının vacibliyini vurğulayırlar. Fransada isə zərurət yarandıqda kondisionerlərdən daha geniş istifadə edilməsi gündəmə gəlib.
Related Posts