İnformasiya Portalı

“Qarabağın igid Pəhlivanı – ömrünü Vətənə həsr edən Milli Qəhrəman”

0

 Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsinin qəhrəman şəhidi Pəhlivan Fərzəliyevin doğum günüdür.27 sentyabr 1958-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində dünyaya göz açan Pəhlivan Əhliman oğlu Fərzəliyev ömrünü Vətənə, xalqa və torpaqlarımızın müdafiəsinə həsr etmiş igid oğullarımızdandır.Uşaqlıq və gənclik illərini doğma Füzulidə keçirən Pəhlivan Fərzəliyev Şuşa Kənd Təsərrüfatı Texnikumunda təhsil alıb. O, burada sərbəst güləşlə məşğul olub və keçirilən yarışların birində Qarabağ çempionu adına layiq görülüb. Pəhlivan adına layiq olaraq həm həyatda, həm də döyüş meydanında əsl pəhləvan xarakteri nümayiş etdirib.1979-cu ildə hərbi xidmətə yollanan Pəhlivan Fərzəliyev sonrakı illərdə Qazaxıstanda daxili işlər orqanlarında çalışıb, ali təhsil alaraq avtomobil nəqliyyatı üzrə mütəxəssis kimi yetişib. Lakin Vətənin ağır günləri onu doğma torpağa qaytardı.1990-cı ildə baş leytenant rütbəsi ilə Azərbaycana dönən Pəhlivan Fərzəliyev Füzuli Rayon Daxili İşlər Şöbəsində xidmətə başladı. 1991-ci ilin martında post-patrul rotasının 3-cü taqımına komandir təyin edildi. Eyni zamanda BTR ekipajının komandiri kimi də məsuliyyətli vəzifə daşıyırdı.Füzuli rayonunun sərhəd kəndlərinin müdafiəsində göstərdiyi şücaət onun adını döyüş yoldaşlarının yaddaşına əbədi həkk etdi. Xələfşə kəndi istiqamətində gedən döyüşlərdə onun rəhbərliyi ilə düşmənin canlı qüvvəsi və hərbi texnikası məhv edildi.

Son döyüş – Qacar kəndi

11 aprel 1992-ci il.

Qacar kəndi uğrunda gedən ağır döyüş Pəhlivan Fərzəliyevin son döyüşü oldu. Baş leytenant Vətənin müdafiəsi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.

O, doğma Qobu Dilağarda kəndində torpağa tapşırıldı.

Arxada iki oğul və bir qız övladı, xalqına isə şərəfli bir ad və əbədi qəhrəmanlıq nümunəsi qoydu.Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə baş leytenant Pəhlivan Əhliman oğlu Fərzəliyevə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verildi.Onun adı bu gün də yaşadılır. Bakı şəhərinin Nizami rayonunun Keşlə qəsəbəsindəki küçələrdən biri Milli Qəhrəmanın adını daşıyır.

Pəhlivan adı onun taleyinə yazılmışdı

O, sadəcə Pəhlivan adlı bir insan deyildi.
Adı Pəhlivan idi, özü də əsl pəhləvan kimi yaşadı.

Gücünü Vətənin müdafiəsinə, cəsarətini xalqının təhlükəsizliyinə, həyatını isə Azərbaycanın bütövlüyünə həsr etdi.Bu gün Pəhlivan Fərzəliyevin şəhid olduğu Qarabağ torpaqlarında Azərbaycanın üçrəngli bayrağı dalğalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində ərazi bütövlüyümüz bərpa edildi.Bir zamanlar uğrunda canından keçdiyi torpaqların yenidən Azərbaycanın nəzarətinə qayıtması şəhidlərimizin arzusunun gerçəkləşməsinin rəmzlərindən biridir.

Pəhlivan Fərzəliyevin və bütün şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad ediləcək.

Ruhun şad olsun, Milli Qəhrəman!
Adın Azərbaycan tarixində, xatirən xalqımızın yaddaşında əbədi yaşayacaq!

 

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.