İnformasiya Portalı

ABBASƏLİ İSMAYILOV – ŞƏHADƏTİ İLƏ ƏBƏDİLƏŞƏN ZABİT

0

Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində adını əbədi həkk etdirən igidlərdən biri də şəhid Baş leytenant Abbasəli İmamqulu oğlu İsmayılovdur. O, cəmi 25 illik ömrünü Vətənə xidmətə həsr edərək, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman zabitlərimizdəndir.
Abbasəli İsmayılov 22 sentyabr 1995-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Qahab kəndində anadan olmuşdur. Orta təhsilini doğma kənd məktəbində aldıqdan sonra hərbçi olmaq arzusunun ardınca gedərək Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuş, daha sonra Azərbaycan Ali Hərbi Məktəbini uğurla bitirmişdir. Təhsilini başa vurduqdan sonra Azərbaycan Ordusunun zabiti kimi xidmətə başlamış, kəşfiyyatçı olaraq peşəkarlığı və məsuliyyəti ilə seçilmişdir.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Abbasəli İsmayılovun qəhrəmanlıq yolunun zirvəsi oldu. O, Suqovuşan, Hadrut, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı istiqamətlərində gedən döyüşlərdə böyük igidlik nümayiş etdirərək işğal altındakı torpaqlarımızın azad olunmasına mühüm töhfə verdi.
22 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olan Baş leytenant Abbasəli İsmayılov doğulduğu Qahab kəndində dəfn edilmişdir. Onun şəhadəti yalnız ailəsi və doğmaları üçün deyil, bütün Azərbaycan xalqı üçün ağır itki olsa da, göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnəkdir.
Abbasəli İsmayılov hələ kursant olduğu illərdə Vətənə sonsuz sevgisini sözləri ilə ifadə edirdi. O, şəhidliyin ən ali zirvə olduğunu bildirir, Vətən uğrunda canından keçməyə hər zaman hazır olduğunu vurğulayırdı. Bu düşüncə onun həyat amalına çevrildi və döyüş meydanında göstərdiyi şücaətlə təsdiqini tapdı.
Dövlət tərəfindən onun qəhrəmanlığı yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə Abbasəli İsmayılov ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Bu gün Baş leytenant Abbasəli İsmayılovun adı Vətənə sədaqətin, cəsarətin və fədakarlığın rəmzi kimi böyük ehtiramla anılır. Onun keçdiyi şərəfli ömür yolu Azərbaycan gəncliyi üçün vətənpərvərlik məktəbi, gələcək nəsillər üçün isə əbədi örnəkdir.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.