İnformasiya Portalı

TƏHSİL HAQQININ AILƏ BÜDCƏSİNƏ TƏSIRI: STATİSTİKADAN KƏNAR REALLIQ

0

“Nazirin “Azərbaycanda təhsil haqları dünya ilə müqayisədə aşağıdır” fikri ilk baxışdan statistik müqayisə kimi görünsə də, sosial-iqtisadi reallıqlar nəzərə alınmadıqda bu yanaşma obyektiv mənzərəni tam əks etdirmir. Beynəlxalq təcrübəyə istinad edilərkən yalnız təhsil haqlarının nominal məbləği deyil, həmin ölkələrdəki orta əməkhaqqı, alıcılıq qabiliyyəti və ailələrin maliyyə imkanları da müqayisə edilməlidir”.
“Vetenqehremanları.az” BiG.AZ-a istinadən xəbər verirk ki, bunu açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, inkişaf etmiş ölkələrin bir çoxunda universitet ödənişləri yüksək olsa da, vətəndaşların gəlirləri, sosial təminat mexanizmləri, təqaüd proqramları və maliyyə dəstəyi imkanları bu yükü əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanda isə təhsil haqqı bir çox ailələr üçün ciddi maliyyə yükü olaraq qalır və bəzi hallarda ailənin illik gəlirinin mühüm hissəsini təşkil edir:
“Gəlir səviyyələri arasındakı fərqi nəzərə almadan təhsil haqlarını dünya standartları ilə müqayisə etmək cəmiyyətdə haqlı narazılıq yarada bilər. Çünki sosial dövlət prinsipinə əsaslanan yanaşmada təhsil yalnız xidmət deyil, həm də ölkənin gələcəyinə yönəlmiş strateji investisiya hesab olunur. Bu baxımdan təhsilin əlçatanlığı dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır.
Digər tərəfdən, təhsil haqlarının səviyyəsi ilə təhsilin keyfiyyəti arasında da balans qorunmalıdır. Tələbələr və valideynlər yüksək ödəniş müqabilində müasir infrastruktur, beynəlxalq standartlara uyğun tədris metodları və rəqabətqabiliyyətli təhsil mühiti gözləyirlər. Bu gözləntilər qarşılanmadıqda qiymət artımları ilə bağlı müzakirələr daha da aktuallaşır.
Tələbə təhsil kreditləri müəyyən mənada çıxış yolu hesab edilsə də, onlar problemi kökündən həll etmir. Kredit mexanizmi təhsil almaq imkanını genişləndirsə də, məzunların uzun illər maliyyə öhdəliyi daşımasına səbəb olur. Buna görə də təhsil siyasətində əsas diqqət yalnız maliyyələşdirmə modellərinə deyil, eyni zamanda təqaüd proqramlarının genişləndirilməsinə, sosial dəstək mexanizmlərinin gücləndirilməsinə və təhsilin daha əlçatan olmasına yönəldilməlidir.
Bu baxımdan təhsil haqları ilə bağlı müzakirələr aparılarkən təkcə beynəlxalq rəqəmlərə deyil, ölkənin iqtisadi reallıqlarına, əhalinin gəlir səviyyəsinə və sosial rifah göstəricilərinə də diqqət yetirilməsi vacibdir”.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.