Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Namiq Allahverdiyev döyüş yolu və Vətən uğrunda göstərdiyi şücaətlə yadda qalıb.
Namiq Müslüm oğlu Allahverdiyev 5 oktyabr 1967-ci ildə Beyləqan rayonunda anadan olub. 1984-cü ildə Beyləqan şəhər 1 nömrəli tam orta məktəbini bitirib. 1985-ci ildə hərbi xidmətə çağırılıb və 1987-ci ildə Moskva ətrafında hərbi xidmətini başa vuraraq Azərbaycana qayıdıb.
1988-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində erməni silahlı dəstələrinin hücumları ilə bağlı vəziyyət gərginləşib. Həmin dövrdə yerli əhali könüllü müdafiə dəstələri yaradaraq torpaqların müdafiəsinə qalxıb. Namiq Allahverdiyev də Vətənin müdafiəsi üçün könüllülər sırasına qoşulub.
Onun döyüş yolu Qubadlı rayonundan başlayıb. 31 avqust 1991-ci ildə Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis dəstələrinə daxil olan Namiq Allahverdiyev bundan sonra Laçın, Əsgəran, Füzuli və Goranboy rayonlarında gedən döyüşlərdə iştirak edib.
Milli Qəhrəmanın son döyüşü Tərtər rayonunda olub. Həmin dövrdə Şıxarx (keçmiş Marquşevan), Həsənqaya, Birinci Çaylı, İkinci Çaylı və digər yaşayış məntəqələrinin azad edilməsi uğrunda ağır döyüşlər gedib.
9 iyun 1992-ci il Namiq Allahverdiyevin həyatının son döyüş günü olub. Erməni silahlı qüvvələri Cəmilli yüksəkliyinə hücum edib. Namiq Allahverdiyev düşmənin qarşısını almaq üçün yüksəkliyə qalxaraq mövqe tutub. Döyüş zamanı tankdan atılan mərmi onun həyatına son qoyub.
Namiq Allahverdiyev subay olub.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli fərmanı ilə Namiq Müslüm oğlu Allahverdiyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Milli Qəhrəman Bakı şəhərində yerləşən Şəhidlər xiyabanında dəfn edilib.
Beyləqan rayonundakı 1 nömrəli tam orta məktəb Namiq Allahverdiyevin adını daşıyır.
Related Posts