“Bank hesablarında və mobil tətbiqlərdə eyni vaxtda problemlərin yaranmasının ən çox rast gəlinən səbəbləri texniki nasazlıqlar və ya məlumat bazalarının sinxronizasiyası zamanı baş verən xətalardır. Belə hallarda müştərinin hesabında olan vəsait müvəqqəti olaraq görünməyə, balans sıfır və ya mənfi göstərilməyə, hətta sistem tərəfindən əsassız borc qeydə alınmağa bilər. Adətən problem aradan qaldırıldıqdan sonra hesablar əvvəlki vəziyyətinə qaytarılır və vəsaitlər düzgün əks olunur”.
“VETENQEHREMANLARI.AZ” BiG.AZ-a istinadən xəbər verir ki,bunu açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib.
O, qeyd edib ki, bir neçə bankın mobil tətbiqində eyni vaxtda giriş və ya əməliyyat problemlərinin yaranması isə daha genişmiqyaslı texniki infrastrukturla bağlı ola bilər. Bu cür hallar banklararası ödəniş sistemlərində, məlumat mübadiləsi platformalarında, prosessinq mərkəzlərində və ya rabitə şəbəkələrində baş vermiş nasazlıqlardan qaynaqlana bilər. Nəticədə problem təkcə bir bankı deyil, eyni anda bir neçə maliyyə qurumunu təsirləndirir:
“Ehtimal olunan səbəblər sırasında proqram təminatının yenilənməsi zamanı yaranan texniki səhvlər, serverlərin həddindən artıq yüklənməsi, məlumat mərkəzlərində avadanlıq nasazlıqları və ya kibertəhlükəsizlik insidentləri də yer alır. Lakin hadisənin konkret səbəbi barədə yalnız bankların və aidiyyəti qurumların apardığı texniki araşdırmalardan sonra dəqiq nəticə çıxarmaq mümkündür.
Əgər həqiqətən hesablarda vəsaitlərin yoxa çıxması və ya əsassız borcların görünməsi halları müşahidə olunubsa, bu, əksər hallarda vəsaitin faktiki itirilməsi deyil, məlumatların sistemdə düzgün əks olunmaması ilə bağlı texniki problemin göstəricisidir. Belə vəziyyətlərdə ən vacib məsələ bankların operativ və şəffaf şəkildə açıqlama verməsi, problemin səbəbi və aradan qaldırılması müddəti barədə müştəriləri vaxtında məlumatlandırmasıdır. Əks halda, gecikən və ya qeyri-müəyyən izahatlar ictimai narahatlığın daha da artmasına səbəb ola bilər”.
Xaliq Pəhlivanoğlu