İnformasiya Portalı

YURDUN SƏNƏDI KAĞIZDAN YOX, DAŞDAN OLMALIDIR!

0

Yurdun sənədi kağızdan yox, daşdan olmalıdır!
(Eluca Atalının ”Yurd daşı” romanı ilə bağlı Barınajans sitəsinin yazarı Hasan Barının müəllifdən hazırladığı reportaj)
Hasan Barın: Eluca xanım, reportajın başında bunu söyləməkdən vaz keçməyəcəm. Çapa hazırladığınız kitabınızı, sizi və çapa məsulları nəzərə almasaq, İsveçdən mail yoluyla göndərməyiniz nəticəsində ilk oxuyan oxucu mən oldum. Çap olunacaq kitabınızla bağlı ilk reportajı Barınajansa və şəxsimə vermənizdən dolayı qürurlandığımı bildirmək istərdim. Bu üzdən sizlərə təşəkkür edirəm.
İcazənizlə suallarıma keçmək istərdim.
Eluca Atalı: Barınajansa və şəxsən sizə, əziz dostum, təşəkkür edirəm. Yeni kitabımı tanıtmaq fürsətini mənə verdiyiniz üçün sağ olun.
Hasan Barın: ”Yurd daşı” romanınızı oxudum, Qərbi Azərbaycanla bağlı böyük bir tarixi bədiyyat vasitəsi ilə təsvir etmisiniz. Əsəri yazmaq ehtiyacı nədən doğdu?
Eluca Atalı: Soyqırımla bağlı bildiyim və eşitdiyim gerçəkləri bildirmək istəyimdən doğdu bu əsər. Əslində bir hekayə yazmağı düşünürdüm, amma mövzu o qədər geniş idi ki, onu sistemləşdirərkən roman alındı. Həm də bilirsiniz, yazan zaman insan sanki öz içini vərəq-vərəq oxuyur, öz içində yol gedir. Yazıçı yalnız tarixi faktları aşkarlayıb yazmır, tarixə fakt kimi baxmaq tarixçinin işidir, yazıçı tarixə fəhmin gözü ilə baxır. Fəhm insanı dərinə aparır, bu baxımdan yazıçının hadisələri üzdən təsvir etməyə haqqı yoxdur. O, gerçəyin mahiyyətində, bətnində gəzdirdiyi həqiqəti görməli, duymalı və bədiyyatda verməlidir. Qərbi Azərbaycanda bizim eramızdan da çox-çox əvvəllərə gedib çıxan məzar daşlarımız, qəbirlərimiz var. Bu daşlar bizə köçəri deyən, bu yurdun həqiqi sakini olmadığımızı sübut etmək istəyənlərə ən tutarlı cavabdır. Köçərinin ölüsü harda ölsə, orda da basdırar, lakin Qərbi Azərbaycanda neçə nəsil ardbaard eyni torpaqda basdırılıb. Romanda bu daşların mahiyyətini açmağa çalışdım.
Hasan Barın: Bu baxımdan kitabın adı tam yerinə düşür: ”Yurd daşı!”
Eluca Atalı: Razıyam, doğrudur. Kağız azca sudan nəm çəkib korlana bilər və ya asanlıqla cırıb atmaq olar. Amma daşdan yaradılmış hər hansı abidə, ev və ya məzar olsun, bu yurdun sənədi ola bilər. Əsərin verdiyi mesaj məhz budur. Qərbi Azərbaycanda olan saysız-hesabsız abidələr, toponimlər, yer adları yurdun təsdiqidir, kimə məxsusluğunu bununla sübut etmək mümkündür.
Yurdun sənədi daşdan olmalıdır, kağızdan yox! Daşı yerindən tərpətmək hünər tələb edir. Qərbi Azərbaycanda yer-yurd adlarını dəyişsələr belə, ordakı tarixi abidələr hələ də yaddaşlarda qalır. Çünki daşdandır!
Hasan Barın: Südəmər körpənin dağın başında basdırılması və sonra qarğanın bozqurda o məzarı açdırması səhnələrini oxuyanda göz yaşıma hakim ola bilmədim. Bir ailədən nənə, ana və nəvənin öldürülməsi acınacaqlı haldır.
Eluca Atalı: Üç nəsil eyni anda qurban gedir! Acınacaqlıdır, amma, təəssüf ki, gerçəkdir. Biz bunu bir dəfə yox, dəfələrlə yaşamışıq Azərbaycan xalqı olaraq. 1905-1920, 1948-1953, 1988-1992-ci illər və yalnız Qərbi Azərbaycan yox, bütün Azərbaycan üzrə bu soyqırım baş verib. Nədən? Bir neçə səbəb var. Birincisi, tarixdən dərs almırıq. Adını unutduğum bir rejissorun fikri var, deyir: ”Tarix bir əsəri iki dəfə səhnəyə qoyur. Bir dəfə komediya, bir dəfə də faciə formasında. Birinci dəfə komediya kimi oynadığı əsəri sonra faciəyə çevirə bilər və ya komediya ilə faciənin yerini dəyişə bilər.” Azərbaycanın tarix səhnəsindəki bütün əsərləri təkrar-təkrar oynanılır, hamısı da qanlı şəkildə, çünki hər dəfə faciə biçimində səhnələşdirilir. Bir qədər obrazlı dedim, nəzərə alarsınız, bu, yazıçı açıqlamasıdır və o zaman təbii qarşılayarsınız.
Romanı yazmaq bu iddiadan doğdu, oxuyanlar yurdumuzda baş verənləri bilsinlər. 70 il sovet imperiyasının daxilində olduğumuzdan həqiqi tariximizdən xəbərsiz olduq, çünki həqiqi tarixi yazmağa izn verilmirdi. Siz sovet imperiyası nə deyən şeydi, bilmirsiniz. Hər şey ideologiyaya uyğun olmalı idi. Bizim soyqırımsa mövcud ideologiyanın çərçivəsindən qırağa çıxırdı. Əsərdə yazdıqlarımı da şəxsi təşəbbüsümlə araşdırıb öyrəndim, amma əslində bunlar bizə ilk məktəbə getdiyimiz günlərdən öyrədilməli idi. Çünki VƏTƏN tarixidir!
Hasan Barın: Andranik Anadoludan Naxçıvana, ordan da Qərbi Azərbaycana üz tutur. Kazım Qarabəkir Paşanın komandanlığı altında türk əsgərinin Haqqıxlıya gəlməsi ilə o dağda mağarada gizlənir. ”Nalşəkilli mühasirə” kitabınızda Andranikin türklərdən gizlənməsini bir qədər də komik biçimdə göstərmişdiniz. Yeni əsərinizin ”Ayı mağarasında ”Böyük Ermənistan” təlaşı” hekayəsində Andranikin keçirtdiyi qorxu daha dərindir.
Eluca Atalı: Sizin sualınıza cavab verməmişdən öncə bunu demək istərdim, vurğulanmayan acı bir həqiqətdir. 1980-ci illərin əvvəllərində biz orta məktəbdə oxuyanda qaraüzlü Azərbaycan tarixi kitabı vardı, həm də fətir kimi nazik. Kitabın nazikliyi bizə elə ilk baxışdan əxz edirdi ki, ”tariximiz çox kiçikdir”. Bu kitab nəşri psixologiyasında xüsusi haldır, kitabın görkəmi, üz qapağı oxucuda ilk təəssüratı yaradır. Yadımdadır, tarix dərsi proqramında Azərbaycan tarixinə yalnız 4 saat yer ayrılmışdı. Tarix dərsini çox sevirdim, müəllimə dedim: ”Bunun hamısını nə vaxt keçəcəyik?” Dedi: ”Keçmək lazım deyil, qəbul imtahanına düşmür.” O kitabda belə bir cümlə vardı: ”Qafqaz Türk İslam ordusu 1918-ci ildə Azərbaycanı işğal etdi, 1920-ci ildə XI Qızıl Ordu (əslində qırmızı ordudur, bizim imperiya ideologiyasına xidmət edən tarixçilərimiz qırmızını qızıl etmişdilər!) Azərbaycana girib onu işğaldan azad etdi.” Bu beyinyuma əməliyyatı idi, bizi türkə qarşı belə manqurtlaşdırırdılar.
Sizin sualınıza qəsdən ətraflı cavab verirəm ki, uşaq ikən beyni yuyulmuş bir adamın ”Yurd daşı” kimi bir romanı yazmasının hansı iddiadan doğduğunu tam anlayasınız. Keçək sizin sualınıza. Andranik obrazını iki dəfə canlandırmışam, amma obrazda mahiyyət etibarı ilə fərqli çalarlar yoxdur, çünki o, məndən ötrü cildini, əsl simasını məqama görə, düşdüyü şəraitə görə dəyişsə də, daşnak kimliyini daim içində gəzdrib. ”Nalşəkilli mühasirə” kitabında bu obraza gülə bilərsiniz, türk əsgəri Naxçıvana girəndə qara çadraya bürünüb meydandan qaçır və öz xislətinə uyğun olaraq Satanik adlı erməni qızını ortaya xilaskar kimi atır. O, yaxşı bilir, türk qadına əl qaldırmaz. ”Yurd daşı” kitabında isə qərar tutduğu qaranlıq ayı mağarasında xülyasında olduğu ”Böyük Ermənistan” xəritəsi ilə birgə gizlənərək növbəti soyqırımın planını hazırlayır. Hər iki səhnə ikrah doğurur. Burdakı Andranik obrazının verdiyi mesaj: erməni ölər, amma kor iddiasından əl çəkməz!
Hasan Barın: ”Torpaq və toxum dostluğu” rus və erməni işbirliyinə verdiyiniz addır. Qərbi Azərbaycanda bu dostluq ermənilərə xeyir verdimi?
Eluca Atalı: “Torpaq və toxum dostluğu”nun kökü daha əvvələ gedir və nə heyif ki, qədim türk torpaqlarına sahiblənmək üzərində qurulub.
1552-ci ildə Qazan xanlığının – Kazanın alınması tarixi, işğalı ilə başlayır. O zamankı rus çarı IV İvan Qroznu, tarixdə isə onun qazandığı ləqəb ”Qorxunc İvan” idi. Ruslar Qazanın üzərinə dəfələrlə hücum edib ala bilmirdilər, baxmayaraq, onlar 150 minlik ordu ilə tatarların üzərinə yürümüşdülər, tatarlarsa 30 min nəfər idi. Paytaxtı ələ keçirə bilməyəndə erməni tacirləri ruslarla gizlin sazişə girirlər: Şəhərin müdafiəsinin zəif tərəfini sizə bildirməyə hazırıq, deyib, amma əvəzində qızıl istəyirlər. Rusiya tərəfi bu şərtə razı olur, şəhər işğal olunur və bu münasibətlə qurulmuş ziyafətə həmin erməni tacirləri dəvət olunub mükafatlarını alırlar. Lakin bu zaman İvan Qroznu deyir: ”Əgər bir millət ki, öz yaşadığı şəhəri satırsa, bizləri də çox rahat sata bilər”. Xəyanətin mükafatı ağır olur, həmin tacirlərin yerindəcə boyunları vurulur, lakin mükafat bununla bitmir. ”Rusların tutduğu torpaqlara ermənilər qeyri-şərtsiz yerləşə bilər töycü, vergi vermədən” kimi gizlin erməni-rus sazişi olur. Bu sazişə 1828-ci il Türkmənçay müqaviləsində də əməl edilir. 1804-cü il Rus-İran müharibəsi başlanan zaman ermənilər ”siz tərəfdən türklərə qarşı vuruşmağa hazırıq, bir şərtlə ki bizə torpaq verəcəksiniz” şərtini qoyurlar. Rus çarı buna razı olur, çünki İranın içində yaşayan ermənilərin xəyanəti möhkəm yun parçanı güvə içindən yeyib dağıtdığı kimi, rusa da belə bir güvə lazım idi. 1828-ci il 10 fevral İran və Rusiya arasında ”Sülh və dostluq naminə” adlı bədnam Türkmənçay müvaqiləsi bağlandı. Əslində müqavilənin adı belə yalan idi, çünki siyasətdə dostluq olmur. Siyasət məhəbbət yox, mənfəət üzərində qurulur. Mənfəət olan yerdə dostluqdan söz gedə bilməz. Dostluq – təmənnasızlığa əsaslanır.
Bu başabəla, bizim Vətənimiz üçün ağır şərtlərlə nəticələnən ”sülh” müqaviləsi nəticəsində Azərbaycan ikiyə şaqqalananda Naxçıvan və İrəvan xanlıqları ləğv olunub əvəzində yeni İrəvan quberniyası yarandı, idarəçiliyi isə ermənilərə verildi. Ermənilər İrəvanın üzərində kosmetik dəyişiklik etməklə – i hərfini y ilə əvəzləyib, İrəvanı Yerevan etdilər. Ermənilər İrandan kütləvi şəkildə İrəvan, Naxçıvan və Qarabağa köçürüldülər.
”Torpaq və toxum dostluğu”nun davamı olaraq 1914-cü ildə Anadoluya rus qoşunu hücüm edən zaman rus çarı II Nikolay həmin il 20 dekabrda Anadoluya gəlib ordunun vəziyyətini yoxlayır. Rus çarının dincəlməsi üçün cəmi 15 dəqiqə zamanı vardı, həmin an erməni keşişi katalikos V Gevorg fürsətdən istifadə edib qərargaha girir. ”Türklərlə savaşda sizlərə yardım edərik, bir şərtlə, Anadoludan 6 vilayəti bizə verməlisiniz” deyir. Çar razılaşır. Bu haqda ”Nalşəkilli mühasirə” əsərimdə geniş vermişəm. Lakin Rusiya daxilində 1917-ci ilin fevralında yaranan ikihakimiyyətlilik dövrü başlayanda çarın taxtı laxlamağa başlayır. Çar rus qoşununu hakimiyyəti qorumaq üçün geri çağırır, ordunun bir hissəsini və silahları Andranikə verib Naxçıvana göndərir Rusiyanın Cənubi Qafqaz siyasətinə xidmət etmək üçün. ”Toxum” cücərtmək üçün Anadoludan ala bilmədiyi ”torpaq” payını və həm də bu dəfə dövlət qurmaq iddiasını Azərbaycanda yerinə yetirmək istəyirdi. Buna da 1918-ci ildə soyqırım törədərək nail oldu.
Hasan Barın: Qədim Alban abidələri, eramızdan əvvəlki daş məzarlar, onların üzərindəki nişanələrin şərhi, aslan, ilan, 24 yarpaqlı xaç və s. çoxlu sayda simvolların şərhinə romanda rast gəlmək olur. Bu baxımdan əsərin yalnız 1918-ci il türk soyqırımını yox, həm də böyük bir tarixi əks etdirdiyini deyə bilərik.
Eluca Atalı: Yurddakı hər bir daş, balaca-böyüklüyündən asılı olmayaraq yaddaşdır, o nişanələri oxuyub mənasını dərk etməyəndə tarix itir. 24 yarpaqlı xaç islamdan qabaqkı zəngin tariximizdən xəbər verir. Yadımdaykən qeyd edim, 1804-cü il Rus-İran savaşına girməmişdən öncə ermənilər ruslardan Azərbaycan torpaqlarını əldə etməklə yanaşı, Alban kilsələrinin onlara keçməsini tələb etmişdilər. Tarixdən məlumdur ki, ermənilər ”kilsə tikdikləri” torpaqları özlərinin qədim yurdları sayırlar, bu aksiomadır!!! Alban kilsələrini mənimsəməklə yalnız torpağımıza yox, həm də tariximizə sahib çıxdılar. Bədii dillə desək, ermənilər ruslar vasitəsi ilə yiyələndikləri torpaqlara toxum əkmə əməli erməni üçün daha münbit şərait yaratdı. ”Yurd daşı” romanında da, gördüyünüz kimi, bu sahiblənmədən sonra məzar daşları sındırıldı, üzərindəki nişanələr pozulub məhv edildi.
Hasan Barın: Alban kilsəsindəkı amansızlıq və xəyanətin birləşməsindən doğan qətlə ad qoymaq məndən ötrü zor oldu. Siz bunu ”Aldanışın doğduğu günah” hekayəsində yüksək ustalıqla təsvir etmisiniz. Əsərin qəhrəmanı Molla Nəbi bu qətl üçün vicdan əzabı çəkir.
Eluca Atalı: Bu bir şəxsin – Molla Nəbinin daşıyacağı günah deyil, düzdür, o amansız qətliamda özünü qınayır, ermənilərə inanıb güzəştə getdiyi üçün özünü bağışlaya bilmir. Əslində bunun arxasında türk kimliyi durur. Baqqal Kərbəlayı Yusufun dükanında ermənilərlə olan sövdələşmə Haqqıxlı kəndi üçün baha başa gəlir. Türk əsgərləri Haqqıxlı kəndində ağ çadır quranda ermənilər özlərini qaragünlü hesab edirlər. Çünki o qoşun türkləri ermənilərin apardığı milli təmizləmə, soyqırımından qorumaq üçün gəlmişdi. O zaman artıq Andranik Naxçıvandan Qərbi Azərbaycana keçmişdi. Ermənilər hiyləyə əl atırlar, onlar bilirlər ki, türklərdə ağsaqqal sözü keçərlidir. Molla Nəbi ilə görüşüb, onları güdaza verməmələrini rica edirlər. Molla Nəbi ermənilərə verdiyi sözün üstündə durur, Kazım Qarabəkir Paşa ermənilərin türkləri qətl etməsindən söz açanda Molla Nəbi ”kəndi qıran daşnaklar idi, qırdılar, getdilər, qalan ermənilər zavallı kəndlilərdir”, – deyir. Lakin erməni fürsətçi, xəyanətkar, amansız, faydaçıdır. Bütün bu dörd cəhətini Alban kilsəsindəki qətldə sübut edir. Bu, bir şəxs olaraq Molla Nəbinin günahı və ya sadəlövhlüyündən doğan qətliam deyildi, bunun arxasında türk kimliyi dururdu. Onun yerində kim olsaydı, bu cür davranacaqdı, əlbəttə, türk qanı olan. Məgər Bakı qırğını eyni ssenari ilə olmadımı?
Türk yıxılanı basmaz, aman diləyənə aman verər. C.Nehru türk kimliyini belə xarakterizə edir: “Türk öldürməyi sevməz, ölümlə öcəşər. Məcbur olub öldürdüyünün üzərində diz çöküb uşaq kimi ağlar.” Bir əldə zəriflik və gücü birləşdirən türk bu qədər möhtəşəmdir.
Hasan Barın: Danarğanda amansızcasına qətlə yetirilmiş qız-gəlin üçün yonulmuş baş daşı öz yerinə qoyulmur. Necə düşünürsünüz, o tarix unuduldumu?
Eluca Atalı: Unudulmadı, unudulsaydı, mən 100 ildən sonra o tarixi kitablaşdırmazdım. Bu hadisəni mənə Molla Nəbinin nəvəsi olan 85 yaşlı Mərziyə arvad və onun oğlu Elli Atayurd danışıb. Lakin türk olaraq bir günahımız var, tarixi bədiyyatda qədərincə canlandırmırıq.
Sovet dövründə keçən əsrin 30-cu illərində Haqqıxlı kəndliləri o yerə xatirə abidəsi qoymaq qərarına gəlirlər. Bu məsələ qaldırılanda erməni rəhbərliyi gecə ilə həmin o hadisə yerini – Danarğan dərəsini buldozerə verib şumlayıblar, abidə qoymaq məsələsini qaldırmış adamı isə sürgünə göndərib güllələtdiriblər.
Hasan Barın: Bildiyim qədər, siz Qərbi Azərbaycanlı deyilsiniz, amma hadisələri o qədər inandırıcı yazmısınız, adam az qalır inansın, siz nəinki oralı deyilsiniz, hətta həmin hadisələrin iştirakçısısınız.
Eluca Atalı: Bilirsiniz, Vətən iki cür qorunur. Birincisi, silahla – bu, əsgəri gücdür, ordunun işidir. Belə ifadə edə bilərəm: Ordum varsa – Yurdum var! Əslində baş verən bütün soyqırımların mərkəzində ordusuzluq durur. İkincisi, ruhani gücdür. Bu, aydının, yazarın, müəllimin işidir. Yəni beyin silahlanmalıdır, yad düşüncədən təmizlənməlidir. ”Nalşəkilli mühasirə” kitabımda bunu belə açıqlamışam. ”Vətən tarla kimidir, o gərək daim alaq otundan təmizlənsin.” Amma millət olaraq da qəbulolunmayan cəhətlərimiz var: Barışqan və unutqanıq…
Asif Ata deyir: ”Mən məəttələm, bu millətin tarixi yaddaşsızlığına və üzü özgəçiliyə meyilliliyinə.” Bu, bağışlanmaz nöqsanımızdır…
Hasan Barın: Romanın “Daşdələn” hekayəsindəki Gveorg obrazı ilə ədəbiyyatımızda xarakterik erməni obrazının yarandığını hesab edə bilərik?
Eluca Atalı: Mən yaratmağa çalışdım, həm də istədim, oxuyanlar ayıq olsunlar. Ermənilərin qədim abidələrimizin gözlə görünməyən yerlərinə xaç vurub özününküləşdirdiklərini yenidənqurma başlayanda bildik. ”Daşdələn” həmin prosesin tərkib hissəsidir.
Gveorg Suriyadan Qərbi Azərbaycana köçürülən erməni ailələrindən biridir. Burda həm də dünyanın hər yerindən erməniləri yurdumuza köçürmələrini, saylarını çoxaldıb erməni dövləti qurmaq siyasətlərini canlandırmaq istəmişəm. Bu hadisə mənim fantaziyam olmadığını əvvəlcədən deyim, çünki artıq oxucu suallarına alışmışam. Əsərlərimin ayrı-ayrı hissələrindən tez-tez sorarlar: Bu, sənin fantaziyandır, yoxsa olmuş hadisədir? O üzdən sizə deyirəm, bu gerçəkdən olmuş hadisədir və Molla Nəbi kimi yurda bağlı, onun qeyrətini çəkib qoruyan kişi yurdun ən balaca daşına yad nişanın vurulmasının arxasında hansı mənanın durduğunu dərk edir. O üzdən nişanı pozdurur, amma daşda kiçik nohur yaranır. Bədii dillə desək, daş yaralanır, bu, yaralı yurdun ifadəsidir.
Hasan Barın: Sizin yeni kitabınızla bağlı verdiyiniz geniş reportaj məni şad etdi. Bu kitabınızın da digər kitablarınız kimi bol oxucusu olması diləyi ilə yeni kitabınızla bağlı ilk oxucu, ilk reportaj hazırlayan qəzet müxbiri kimi məni şad etdiniz. Bu münasibətlə sizə minnətdaram.
Eluca Atalı: Çox sağ olun, müsahibə üçün, həmsöhbət olduğumuz üçün minnətdaram. Oxucu – yazıçının laboratoriyasıdır. Sizin suallarınızla müəyyənləşdirməyə çalışdım ki, romanda oxuculara ötürmək istədiyim ideyanı bədiyyat vasitəsi ilə, obrazlı formada necə canlandıra bilmişəm…



Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.