İnformasiya Portalı

NÜMUNƏVI ICRA BAŞÇISI NIYƏ YETIŞMIR?

0

1999-cu ildə Azərbaycan siyasi idarəçiliyində nadir sayılacaq bir fərman verilib. Söz yerinə düşər, təxminən elə bu vaxtları, iyulun 20-də o zamankı Prezident Heydər Əliyev bir icra başçısını digərlərinə nümunə göstərib. Həm də təkcə İH rəhbərlərinə deyil, nazirlik, komitə, şirkət, birlik və idarələrə başçılarına.
“Vetenqehremanlar.az”Yeni Sabaha istinadən xəbər verir ki, söhbət Hacıbala Abutalıbovun adının birbaşa çəkildiyi sənəddən gedir.
O, 1995-ci il fevralın 16-da Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyətinin başçısı təyin edilib. Təxminən 4 il 6 ay sonra isə digər vəzifədaşları və özündən də yüksək vəzifə tutan şəxslərə örnək göstərilib.
Suraxanıya təyinatdan 2 il sonra, 2001-ci il yanvarın 30-da Hacıbala Abutalıbov artıq vəzifəcə yüksələrək Bakı şəhəri İcra hakimiyyətinin başçısı olub. Buna qədər isə 2000-ci ilin yanvarından 2001-ci ilin yanvarına qədərBaş nazirin müavini vəzifəsində çalışıb. 2018-19-cu illərdə də yenidən eyni postu tutub.
Amma və lakin…
“Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında” Sərəncamı yada salmaqda fayda var:
“Suraxanı rayonunda iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin təmin edilməsi və mənəvi dəyərlərimizin qorunub saxlanılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Məqsədyönlü fəaliyyət nəticəsində rayonda sənaye məhsullarının istehsalı ildən-ilə artır, mənzil tikintisi həyata keçirilir və ehtiyacı olanlara verilir, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlara qayğı və hərtərəfli yardım göstərilir.
Suraxanı Rayon İcra Hakimiyyətinin iş təcrübəsini müsbət qiymətləndirərək qərara alıram:
1. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı H.İ. Abutalıbovun işi təqdirəlayiq hesab edilsin.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki, Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yerli icra hakimiyyəti orqanları, nazirlik, komitə, şirkət, birlik və idarələr arasında yayılmasını təmin etsin.
3. Yerli və daxili imkanlardan maksimum istifadə etməklə əhalinin iqtisadi, sosial və məşğulluq problemlərinin həlli bütün icra strukturlarına xüsusi vəzifə kimi tapşırılsın”.
Sərəncamın preambula hissəsində qeyd olunan hallar artıq adiləşib. Elə bir gün yoxdur ki, hansısa icra başçısının kabinetdən kənarda fəaliyyətinə dair foto və videoya rast gəlməyəsən. Yəni İH rəhbərləri xalqa açılmağa, kütlənin içinə getməyə başlayıb, qəbullardan əlavə (doğrudur, bəziləri özü ilə vətəndaş arasında stolun uzunluğu ilə məsafə saxlayır), ictimai tədbirlərdə də ilk sırada otururlar. Hətta eləsi var ki, az qala bütün günü ehsan süfrələrinin başında oturur. Az qala hüzr məclisini əsas iş yerinə çevirib.
Yenə də amma və lakin…
Məlum sərəncamın sonuncu cümləsində nə deyilir?
“Yerli və daxili imkanlardan maksimum istifadə etməklə əhalinin iqtisadi, sosial və məşğulluq problemlərinin həlli bütün icra strukturlarına xüsusi vəzifə kimi tapşırılsın”. Bu sarıdan hansı icra başçısı öyünə bilər?
Kəndlər boşalır, bir çoxunda məskun ailə sayı kəskin azalıb. Əyalətdə məşğulluq problemi iti bıçaq kimi rayonların əhali sayını kəsir. Sirr deyil ki, əsasən paytaxta böyük köç dalğası var. Lakin icra başçıları onun qarşısını almaqda acizdir, çarə tapmaqda da.
“Mən 90-cı illərdə məktəbi bitirəndə sinifimizdə elə öz kəndimizdən 34 şagird vardı. İndi qonşu kəndlərdən belə gələnlər hesabına bir sinifdə 10 uşağı bir yerə yığa bilməzsən. Hamı Bakıya qaçır, məktəblər boşalır, müəllimlər iş yerlərini itirir”, – deyə bir sosial şəbəkə istifadəçisi yazıb.
“Bir çox bələdiyyənin birləşdirilməsinin səbəbi bilirsinizmi nədir? Kəndlərin boşalması…” – bunu da başqa bir sosial şəbəkə istifadəçisi yazıb.
Oxşar nümunələr çoxdur, bəs deyən qədər.
Deməli, yeni bir nümunəyə ehtiyac var. Zirək, təşəbbüskar, işbacaran icra hakimiyyəti başçısı peyda olmalı, kimsə bu sahədə irəli düşməlidir.
Amma və lakin…
Kim?

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.