İnformasiya Portalı

MİLLİ QƏHRƏMAN ELXAN ZÜLFÜQAROVUN DOĞUM GÜNÜDÜR

0

Azərbaycanın Milli Qəhrəmanı Elxan Zülfüqarov – Vətən uğrunda yazılan şərəf salnaməsi
Azərbaycan xalqının qəhrəmanlıq tarixi Vətən uğrunda canından keçən igid oğulların şərəfli ömür yolu ilə zəngindir. Belə qəhrəmanlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Elxan Qaçay oğlu Zülfüqarovdur. O, həyatını Vətənin müdafiəsinə həsr edərək adını xalqımızın qəhrəmanlıq salnaməsinə əbədi həkk etdirib.
Elxan Zülfüqarov 29 iyun 1954-cü ildə Füzuli rayonunun Üçbulaq kəndində anadan olub. İlk təhsilini Füzuli rayonunda alıb, 1969-cu ildə Bünyad Sərdarov adına 1 nömrəli məktəbin səkkizinci sinfini bitirib. Daha sonra təhsilini Yevlax rayonunda davam etdirib və 1971-ci ildə texnikuma qəbul olunub.
1972-ci ildə hərbi xidmətə çağırılan Elxan Zülfüqarov xidmətini Ukrayna SSR-də başa vurduqdan sonra yarımçıq qalmış təhsilini tamamlayıb. 1975-ci ildə təyinatla Novosibirsk şəhərinə göndərilərək daxili işlər orqanlarında fəaliyyətə başlayıb. Qısa müddətdə peşəkarlığı ilə seçilərək baş leytenant hərbi rütbəsinə yüksəlib.
1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımızın deportasiyası və Qarabağ hadisələrinin başlaması onu doğma Vətənə qaytarıb. Vətən torpaqlarının işğalına biganə qalmayan Elxan Zülfüqarov 1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına qoşulub və Laçın, Qubadlı, Zəngilan, Füzuli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib.
Döyüş yoldaşları arasında cəsarəti və peşəkarlığı ilə seçilən Elxan Zülfüqarov düşmən tərəfindən “Edik” ləqəbi ilə tanınıb. Ermənilər onun başına mükafat təyin etmişdilər. O, 40-dan artıq döyüş və xüsusi təyinatlı əməliyyatda iştirak edib, göstərdiyi şücaətə görə kapitan rütbəsi alaraq kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunub.
Erməni və rus dillərini mükəmməl bilməsi ona düşmən haqqında qiymətli kəşfiyyat məlumatları toplamağa imkan verirdi. 1994-cü il yanvarın 4-də həyata keçirilən uğurlu kəşfiyyat əməliyyatı nəticəsində əldə etdiyi məlumatlar əsasında Azərbaycan Ordusu genişmiqyaslı hücum əməliyyatı keçirərək 19 yaşayış məntəqəsini azad edib, düşmənə ağır zərbələr endirib, çoxlu sayda silah-sursat və hərbi texnika ələ keçirib.
1994-cü il yanvarın 5-də Füzuli rayonunun Şükürbəyli kəndi uğrunda gedən döyüşlərdə Elxan Zülfüqarov son nəfəsinə qədər vuruşaraq qəhrəmancasına şəhid olub. O, dörd övladını Vətənə əmanət qoyaraq əbədiyyətə qovuşub.
Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli Fərmanı ilə Elxan Qaçay oğlu Zülfüqarov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Milli Qəhrəman Elxan Zülfüqarov Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn olunub. Onun keçdiyi şərəfli ömür yolu, Vətənə sonsuz sədaqəti və göstərdiyi misilsiz qəhrəmanlıq Azərbaycan gəncliyi üçün əbədi örnək olaraq qalacaq. Xalqımız öz qəhrəmanlarını daim ehtiramla yad edir və onların əziz xatirəsini böyük hörmətlə yaşadır.


Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.