“Bu məsələ ilə bağlı əlimdə dəqiq bir fakt yoxdur, amma deyilənə görə, Laçın şəhəri yaradılan zaman adla bağlı müxtəlif təkliflər irəli sürülüb. Həmin dövrdə müxtəlif kommunist adlar da deyilib. Lakin Tağı Şahbazi soruşub ki, yuxarıda görünən qayanın adı nədir? Bildiriblər ki, Laçın qayasıdır. O da təklif edib ki, elə şəhərin adı da Laçın olsun”.
Bunu “Vetenqehremanları.az” “Yeni Sabah”a istinadən yazıçı, jurnalist Fəxri Uğurlu deyib.
“Hətta Orta Asiyada Laçın qəbiləsi olub. Bəlkə də indi də var. Klassik hind ədəbiyyatının və musiqisinin banisi Əmir Xosrov Dəhləvi Nizami Gəncəvidən sonra “Xəmsə” yazan ilk böyük şairdir. Farsca yazıb. Dəhləvinin özü də türkdür, özü də böyük sufi olub. O da Laçın qəbiləsindəndir.
Laçın şahinin erkəyinə də deyirlər. Bəzən qızlara da həmin ad qoyulur, amma bu, düzgün deyil. Şahin” sözü də farscadır. Türkcədə adı “Tuğrul”dur. Mənası da doğru, həqiqət deməkdir”, – deyə o əlavə edib.
F.Uğurlu da Laçın şəhərində təmtəraqla açılan və bu yaxınlarda səssiz-səmirsiz bağlanan kitabaxanaya görə məyusdur:
“Çox təəssüf! Bu, bir növ, matəm xəbəri kimi insana təsir edir. Texnologiya, internet dövründə qəzetlər, jurnallar çap olunur, kitablar satılır. Necə oldu ki, həmin texnika bircə Azərbycanda kitabın qarşısını aldı? Mən bunu inkişaf saymıram. Əksinə, gerilikdir”.
Elektron kitablar, saytlar var, nə gözəl, zamanın tələbidir. Amma qəzeti əlində tutmaq, analitik məlumatlar öyrənmək başqadır. Çaparaq informasiya sevən sayta verin, getsin, sabaha qalmasın. Lakin lazım gəldi-gəlmədi hər şeyi yazmaq doğru deyil. İndi hansısa kənddə pişiyin asqırmasını da xəbər edirlər. Bunların hamısı zamanla insanın sinir sisteminə təsir edir. Belə bir yerdə qəzet və jurnallardan istifadə etmək daha düzgün olardı. Hər halda, dünyanın bütün mediası “The New York Times”, “The Washington Post” kimi qəzetlərə istinadla materiallar yayımlayırlar. Amerikada sayt və elektron kitab yoxdur? Lakin görürsünüz, bunların heç biri dəyərini itirmir”.
Xatırlatma: artıq 6 aydır fəaliyyəti dayandırılmış “Simurq” kitabxanası tamamilə bağlanılır.
Tanınmış dövlət xadimi Tağı Simurq Şahbazinin adını daşıyan kitabxana 4 fevral 2024-cü il tarixində Laçın şəhərində yaradılıb və qısa müddət ərzində rayonun mühüm mədəni-maarif ocaqlarından birinə çevrilib.
Kitabxananın fondu Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Yazıçılar Birliyinin, M.F. Axundov adına Milli Kitabxananın, eləcə də tanınmış yazıçı, şair, tarixçi, jurnalist və ictimai fəalların könüllü ianələri hesabına formalaşdırılıb. Qısa müddət ərzində burada 4 000-ə yaxın kitabdan ibarət zəngin fond yaradılıb.
Sosial media müzakirələrində bu da qeyd olunur ki, Laçın adının rayona verilməsi də Tağı Şahbazi Simurğun təşəbbüsüdür.
Xaliq Pəhlivanoğlu