O bildirib ki, əvvəl qavalı evdə itirdiyini düşünsə də, uzun axtarışlardan sonra onu tapmayıb: “Bilirsiniz ki, xanəndələr bir qavalla kifayətlənməyiblər. Dayımın da bir neçə qavalı olub. O həmin qavallardan bir neçəsini tələbələrinə-Xatirə İslama, Rövşən Əzizə, Eldəniz Məmmədova hədiyyə edib. Amma öz şəxsi qavalını mənə vermişdi. Xəstə idi, ömrünün son günlərini yaşayırdı. İki qavalını mənə verdi və dedi ki, bunları saxla. Mən də həmin qavalları evimdə saxlayırdım, göz bəbəyim kimi qoruyurdum. Ona görə saxlamışdım ki, Füzulidə nə vaxtsa adına muzey açılsa ora hədiyyə edim. Bir müddət əvvəl evimizdə toy oldu və mən həmin qavalları aparıb anamın evinə qoydum. Biz demək olar ki, bir həyətdə yaşayırıq. Hər dəfə də ora gedəndə baxırdım. Anamın evində də təkcə qardaşım qalır. Həyət evidir, bəzən qapını bağlamadan həkimə falan gedir. Bir neçə gün əvvəl baxanda gördüm ki, qavalın biri orada yoxdur. İki qaval idi. Birinin sadəcə sədəfi var idi, içi, yəni qabığı yox idi. O qalıb, digərini, ən yaxşısını oğurlayıblar”.
Arzu Şəmiyeva bildirib ki, həmin qavalı kimin oğurladığını təxminən bilir. “Bir müddət əvvəl Atv kanalı gəlib dayımın qavalları ilə bağlı məndən müsahibə aldı. Mən həmin qavalları orada nümayiş etdirdim. Düşünürəm ki, həmin şəxs o reportajı görüb və o qavalların nə qədər antik bir əşya olduğunu bilib. Bundan da əlavə, bu axı İslam Rzayevin qavalıdır. Adı üstündə. Satan adam da bunu çox güman ki, “İslam Rzayevin qavalı” adı ilə satıb. Bu qavalları bizdən zamanında ən baha qiymətə istəyiblər, amma satmamışıq. Ehtiyacım da olub, lakin bu addımı atmamışam. Mən təxminən bilirəm ki, bu qavalı kim aparıb. Evimizə daim gəlib-gedən insandır. Pislik etmək istəmirəm, yəqin ki, bu xəbəri oxuyacaq. Ona bir neçə gün vaxt verirəm. Nə qədər ki, hüquq mühafizə orqanlarına müraciət etməmişəm gətirib qavalı yerinə qoysun. Bu İslam Rzayevin mənə yadigarıdır. Mən də onu muzeyə təhvil verəcəyəm” deyə Arzu Şəmiyeva bildirib.
Related Posts