Azərbaycan Respublikasının Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin (AR-MQTİB) Nizami rayon şöbəsində Azərbaycan Milli Ordusunun yaranmasının növbəti ildönümünə həsr olunmuş geniş və təntənəli tədbir keçirildi.
Vətənə, dövlətçiliyə və milli-mənəvi dəyərlərimizə həsr olunan tədbir şəhid ailələrinin üzvlərini, qaziləri, ictimai xadimləri, ziyalıları, gəncləri və rayon ictimaiyyətinin nümayəndələrini bir araya gətirdi. Tədbirin təşkilatçıları AR-MQTİB-nin Elm və Mədəni Tədbirlərin Təşkili Şöbəsinin müdiri Kəmalə Qəhrəmanova və Vətən Qəhrəmanları Təşkilatının Nizami rayon şöbəsinin sədri Nərmin Şəmsi qızı Səfərova olmuşlar. Tədbirin əsas məqsədi Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolunu işıqlandırmaq, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini yad etmək, qazilərimizin qəhrəmanlıqlarını təbliğ etmək və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə verməkdən ibarət olmuşdur.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan AR-MQTİB-nin Nizami rayon şöbəsinin sədri Ədhəm Məmmədov Azərbaycan Ordusunun yaranma tarixindən, keçdiyi şərəfli inkişaf mərhələlərindən və bu gün regionun ən güclü ordularından birinə çevrilməsindən ətraflı bəhs etdi. O qeyd etdi ki, müasir Azərbaycan Ordusunun formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Məhz Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə peşəkar ordu quruculuğunun təməli qoyulmuş, bu siyasət Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycan Ordusu dünyanın ən müasir və güclü hərbi qüvvələrindən birinə çevrilmişdir.
Daha sonra Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Rəşadət Xalıqov çıxış edərək Azərbaycan Ordusunun dövlətimizin müstəqilliyinin qorunmasında, xalqımızın təhlükəsizliyinin təmin olunmasında və ölkəmizin beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm rol oynadığını vurğuladı. O bildirdi ki, xalqla ordunun birliyi Azərbaycanın ən böyük güc mənbəyidir və məhz bu birlik Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasını təmin etmişdir.

Tədbirdə çıxış edən AR-MQTİB-nin Nizami rayon şöbəsinin mətbuat katibi, “Vətən Qəhrəmanları” saytının baş redaktoru, şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevin oğlu Xaliq Pəhlivan oğlu Fərzəliyev öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən geniş şəkildə danışdı. O qeyd etdi ki, qəhrəman əsgər və zabitlərimizin misilsiz şücaəti nəticəsində işğal altında olan torpaqlarımız azad edilmiş, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuş və xalqımızın otuz ilə yaxın davam edən həsrətinə son qoyulmuşdur. Natiq eyni zamanda şəhidlərimizin qəhrəmanlıq salnaməsinin gələcək nəsillərə çatdırılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu vurğuladı.
Tədbirdə iştirak edən qazilər və şəhid ailələrinin nümayəndələri də çıxış edərək Azərbaycan Ordusunun yaranması günü münasibətilə təbriklərini çatdırdılar, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman oğullarımızın xatirəsinin daim uca tutulduğunu bildirdilər. Çıxışlarda Azərbaycan dövlətinin hər zaman şəhid ailələrinə və qazilərə xüsusi diqqət və qayğı göstərdiyi vurğulandı.

Tədbirin maraqla qarşılanan hissələrindən biri də tanınmış sənətkar və müğənni Elxan Qaraxanoğlunun çıxışı oldu. Sənətçi Qarabağ uğrunda aparılan müqəddəs mübarizəyə həsr etdiyi mahnılar, vətənpərvərlik ruhunda yaratdığı əsərlər haqqında məlumat verdi. O, Azərbaycan xalqının qəhrəmanlıq tarixinin və Vətən sevgisinin incəsənətdə yaşadılmasının vacibliyindən danışdı. Elxan Qaraxanoğlu həmçinin döyüşçü qardaşı ilə bağlı xatirələrini bölüşərək tədbir iştirakçılarında böyük qürur hissi yaratdı.


