Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın şəhadət günü

Bu gün Şəhid Milli Qəhrəman Malik Hamil oğlu Əsədovun şəhadətindən daha bir il ötür.

 

Malik Əsədov 27 iyun 1962-ci ildə Yevlax rayonunun Havarlı kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra ordu sıralarına çağırılmışdır. Qazaxıstanda hərbi xidmətini başa vurmuşdur. Daha sonra Mingəçevir şəhər 45 saylı Müstəqil Hərbiləşdirilmiş Yanğından Mühafizə Hissəsində əmək fəaliyyətinə başlamışdır.
Qarabağ hadisələri başlayanda o,  əsgər forması geyinərək könüllü olaraq ordu sıralarına qoşulur və Xocalıda, Əsgəranda, Ağdamda, Şuşada gedən ağır döyüşlərdə iştirak edir. Qısa müddətdə onu bölmə komandiri təyin edirlər. Göstərdiyi əla xidmətlərə görə bir neçə dəfə DİN-nin Fəxri fərmanlarına və mükafatlarına layiq görülür.
1992-ci il yanvar ayının 12-i Mingəçevirdən  gedən döyüşlərə qoşulmaq üçün Malikin iştirakı ilə 20 nəfər könüllü Şuşaya yola düşdü. Sonra isə onları Daşaltı kəndinin yaxınlığındakı Nəbilər kəndinə göndərdilər.
18 yanvar 1992-ci il Şuşanın Daşaltı kəndində gedən döyüşlər Malik üçün son döyüş oldu. 6 nəfərlə döyüşən Malik Əsədov düşmən ordusunu xeyli itki verərək geri çəkilməyə vadar etmişdi. Yara almasına baxmayaraq döyüşə davam edən Malikin həyatını xilas etmək mümkün olmadı və o, qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Doğulduğu Yevlax rayon Havarlı kəndində dəfn olunub.
Ailəli idi. Üç övladı yadigar qaldı.
Azərbaycan Respublikası Prezidenti tərəfindən Malik Hamil oğlu Əsədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Təhsil aldığı Havarlı kənd orta məktəbi onun adını daşıyır. Həmin məktəbdə və Mingəçevir şəhərində – işlədiyi idarənin önündə Qəhrəmanın büstü qoyulmuşdur.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA 

VƏTƏNQƏHRƏMANLARI.AZ