Siyası Online Qəzet

Şükür Həmidov və Xudayar Yusifzadənin şəhid olmasından 3 il ötür

Bu gün Azərbaycan Ordusunun İkinci Korpusunun komandir müavini, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun və Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Kiçik giziri Xudayar Yusifzadənin şəhid olmasından 3 il ötür.

Vetenqehremanlari.az xəbər verir ki, Həmidov Şükür Nəriman oğlu 1975-ci il aprelin 1-də Qubadlının Armudluq kəndində doğulub.

O, ailədə 10 uşaqdan biri idi.

Ş.Həmidov 1990-1993-cü illərdə C.Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. O, 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azad edilməsi uğrunda döyüşlərdə böyük şücaət göstərib. Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə Şükür Nəriman oğlu Həmidov “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Bundan əlavə, Lələtəpə yüksəkliyinin azad edilməsi əməliyyatı zamanı göstərdiyi şücaətə görə Şükür Həmidova vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilib. Vətən müharibəsində Ş.Həmidov Qubadlının bəzi kəndlərinin azad edilməsi əməliyyatlarında iştirak edib. Şükür Həmidov 22 oktyabr 2020-ci il tarixində Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.

Prezident İlham Əliyevin sərəncamı ilə Şükür Həmidov Vətən müharibəsindəki iştirakına görə “Vətən uğrunda” medalı ilə təltif edilib. Ona ölkə başçısının sərəncamları ilə Şükür Həmidov “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları və “Zəfər” ordeni ilə təltif edilib. Şükür Həmidovun 1 oğlu və 1 qızı var.

Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.

Qeyd edək ki, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar: üç qardaş və bir bacı. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.

Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.

Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət edib və gizir hərbi rütbəsi alıb.

2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Bərdə Rayon Hərbi Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının giziri olan Xudayar Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.

Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xudayar Yusifzadə ölümündən sonra “Vətən uğrunda” medalı və “Azərbaycan Bayrağı” ordeni, Prezidentin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Xudayar Yusifzadə ölümündən 2 gün əvvəl Əliağa Vahidin “Vətən yaxşıdır” şeirini ifa edib və bu telefon vasitəsilə lentə alınıb. Həmin video qısa müddət ərzində sosial medialarda trendə çevrilib. Onun şəhid olmasından sonra isə həmin video daha geniş vüsət alıb və Xudayar Yusifzadə qısa müddət ərzində daha çox tanınıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Xəyal Abdullayev
Vetenqehremanlari.az