Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövlud günü

Bu gün Şəhid Milli Qəhrəman Şamoy Məhyəddin oğlu Çobanovun mövlud günüdür.

 

Şamoy Məhyəddin oğlu Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur.
1 saylı Qazax şəhər orta məktəbini bitirdikdən sonra avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır.
Daha sonra Şamoy Çobanov Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılır. Hərbi xidmətini başa vurduqdan sonra  Qazax Rayon Polis Şöbəsinə işə qəbul olunur. O zamanlar erməni yaraqlılarının Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücumları ara vermirdi. Şamoy bu kəndlərdə əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə öz polis yoldaşları ilə birgə postlar qurmuşdu. 
1990-cı il avqustun 19-da Yuxarı Əskipara kəndinə gedən avtobusu Şamoy müşayiət edirdi. Kəndin yaxınlığındakı “Qanlı dərə” deyilən yerdə erməni silahlıları gözlənilmədən avtobusa hücum etdilər. Qanlı döyüş başladı. Düşmən geri oturdulsa da, sərnişinlərdən yaralanan və ölənlər var idi.
Həmin döyüşdə  vətənpərvər polis əməkdaşı Şamoy Çobanov qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Doğulduğu Ağköynək kəndində dəfn edilmişdir.
Subay idi.
Azərbaycan Respublikası Prezidenti tərəfindən   Şamoy Məhyəddin oğlu Çobanov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Ağköynək kənd məktəbi onun adını daşıyır.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ