17 avqust 2026-cı il tarixində Zabitlər Evində Azərbaycanın Milli Qəhrəmanı, şəhid baş leytenant İsgəndər Söhrab oğlu Aznaurovun – xalq arasında “Topçu İsgəndər” kimi tanınan qəhrəmanımızın xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Milli Qəhrəmanın həyat və döyüş yolu, Vətən uğrunda göstərdiyi misilsiz şücaət və qəhrəmanlıqdan söz açılıb.Anım mərasimində Azərbaycan Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədr müavini,Xətai rayon sədri Fəranə xanım, Suraxanı rayon sədri Sevil xanım, təşkilatın Nizami və Nərimanov rayonları üzrə sədr müavini, “Vətən Qəhrəmanları” cəmiyyətinin sədri Nərmin xanım Səfərova, Nizami Rayon Mədəniyyət şöbəsinin sədri Əjdər bəy, Nizami və Nərimanov rayonları Milli Qəhrəmanlar cəmiyyətinin sədri Ədhəm Məmmədov və digər qonaqlar iştirak ediblər.Tədbirdə çıxış edənlər İsgəndər Aznaurovun şərəfli ömür yolundan, Azərbaycan torpaqlarının müdafiəsi uğrunda göstərdiyi igidlikdən danışıblar. Mərasimdə tanınmış hərbi-vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı da çıxış edərək qəhrəmanımızın əziz xatirəsini yad edib.
“Topçu İsgəndər”in şərəfli döyüş yolu
Related Posts
İsgəndər Aznaurov 16 avqust 1956-cı ildə Özbəkistanın Buxara vilayətində Axısqa türkü ailəsində anadan olub. 1980-ci illərin sonlarında Fərqanə hadisələrindən sonra ailəsi ilə birlikdə Azərbaycana köçərək Şəmkir rayonunun Kür qəsəbəsində məskunlaşıb. 1992-ci ildə könüllü olaraq Azərbaycan Ordusunun sıralarına qoşulub.Peşəkar artilleriyaçı olan Aznaurov Gədəbəyin Şınıx bölgəsində, Başkənd, Mutudərə, Ər dağı və digər strateji istiqamətlərdə gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Dəqiq atəşləri və hərbi peşəkarlığı ilə seçildiyinə görə döyüş yoldaşları tərəfindən “Topçu İsgəndər” adlandırılıb. Müdafiə Nazirliyinin materiallarında onun düşmənin texnika və canlı qüvvəsinin məhv edilməsində mühüm rol oynadığı qeyd olunur.İsgəndər Aznaurov 18 aprel 1993-cü ildə döyüş zamanı qəhrəmancasına şəhid olub. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Vaxtilə döyüşdüyü mövqelərdən biri isə onun şərəfinə “İsgəndər qalası” adlandırılıb.Milli Qəhrəmanın qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirilib və o, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Onun adı məktəbə, yaşayış məntəqəsinə və döyüş postuna verilib, xatirəsi müxtəlif tədbirlər və sənədli filmlərlə yaşadılır.Zabitlər Evində keçirilən anım tədbiri də “Topçu İsgəndər”in keçdiyi şərəfli yolun unudulmadığını bir daha nümayiş etdirib. Onun Vətən sevgisi, fədakarlığı və döyüş əzmi bu gün də gənc nəsil üçün örnək olaraq qalır.İsgəndər Aznaurov kimi qəhrəmanların adı xalqımızın yaddaşında əbədi yaşayacaq.
Xaliq Pəhlivanoğlu





