Qüdrətli dövlət, müzəffər ordu
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun mühüm nailiyyətlərindən biridir. Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir.
Milli ordumuzun inkişaf tarixi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Xalq Cümhuriyyəti süqut etdikdən sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı.
Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açıldı. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verdi. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratdı.
Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam və inkişaf etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin ən müasir silah və texnika ilə təchizatı daim ön planda saxlanıldı. Məhz Prezident İlham Əliyevin bu ali diqqət və qayğısı sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddətdə regionun ən qüdrətli ordusuna çevrildi. Təsadüfi deyil ki, nüfuzlu “Global Fire Power” mərkəzinin 55 göstərici əsasında hazırladığı hesabatda Azərbaycan Ordusu Cənubi Qafqazda birinci, dünyada ilk əlli ordu sırasında yer aldı.
44 gün davam edən İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə Vətən müharibəsi adı ilə düşdü. Döyüş tapşırıqlarını və xidməti vəzifələrini ləyaqətlə yerinə yetirən Azərbaycan əsgərinin döyüş meydanında göstərdiyi cəsarət, fədakarlıq, habelə təşəbbüskar və qətiyyəti sayəsində işğal altında torpaqlarımız azad olundu və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Azərbaycan əsgəri otuz ilə yaxın bir müddət ərzində düşmən tapdağı altında olan torpaqları işğaldan azad etməklə Azərbaycan xalqına öz qanı və canı hesabına böyük qələbə yaşatdı.
Azərbaycan xalqı bu gün torpaqlarını işğaldan azad etmiş xalq olaraq, qürürla, məğrurluqla yaşayır. Otuz ilə yaxın bir zamanda erməni işğalında olan torpaqlarını azad edən Azərbaycan bu gün yeni bir dövrünə qədəm qoyub. Bütün dünyaya, məsafəsindən, qitəsindən asılı olmayaraq, hər bir kəsə öz böyüklüyünü, gücünü göstərə bilir.
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hərbi sənaye kompleksi də yaradılıb. Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim diqqət mərkəzindədir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur.
26 İyun- Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibəti ilə biz də Şanlı Ordumuzu, onun Müzəffər Komandanını təbrik edir, dövlətin, xalqın müdafiəsində onlara uğurla arzulayırıq.
Yaşasın Qalib Azərbaycan Ordusu, Yaşasın Ali Baş Komandan!
Bayramınız mübarək!
Əminə Ağzadə,
Millət vəkili