Bir ay əvvəl Türkiyə Cümhuriyyətinin Karabük şəhərində yerləşən tarixi Safranboluda olaraq Osmanlı tarixinin mühüm dövlət xadimlərindən biri – Sədrəzəm Safranbolulu İzzət Mehmed Paşanın həyat yolu, dövlətçilik fəaliyyəti və tarixi irsi ilə bağlı araşdırmalar apardım. Səfər zamanı onun qəbrini də ziyarət edərək bu böyük Osmanlı dövlət adamının xatirəsinə ehtiram göstərdim.
XVIII əsr Osmanlı tarixində mühüm yer tutan İzzət Mehmed Paşa 1743-cü ildə Safranboluda dünyaya gəlib. O, gənc yaşlarından dövlət idarəçiliyi sahəsində yetişərək Osmanlı sarayında və inzibati qurumlarda müxtəlif vəzifələrdə çalışıb.
1760-cı ildə İstanbula gedən İzzət Mehmed Paşa dövrün tanınmış dövlət adamlarının himayəsində katiblik və idarəçilik üzrə təhsil alıb. Sonrakı illərdə saray xidmətində yüksələrək Darphana əminliyi, Tərsanə əminliyi, müxtəlif bölgələrin valiliyi və mühafizliyi kimi mühüm vəzifələrdə fəaliyyət göstərib.
1779-cu ildə dövlət xidmətindəki fəaliyyətinə görə “Mühasebei Əvvəl” rütbəsi alan İzzət Mehmed Paşa idarəçilik bacarığı və təcrübəsi ilə seçilən dövlət adamlarından biri olub.
1791-ci ildə Misir valisi təyin olunan İzzət Mehmed Paşa burada uğurlu idarəçilik nümayiş etdirib, bölgədə sabitliyin qorunmasına və bəzi üsyanların yatırılmasına töhfə verib. Misirdəki fəaliyyəti onun Osmanlı sarayında nüfuz qazanmasına səbəb olub.
Osmanlı imperiyasında Nizam-i Cədid islahatlarının həyata keçirildiyi bir dövrdə təcrübəli və bacarıqlı idarəçiyə ehtiyac duyulduğu üçün İzzət Mehmed Paşanın adı ön plana çıxıb. 16 may 1793-cü ildə o, Melek Mehmed Paşanın yerinə Osmanlı imperiyasının sədrəzəmi vəzifəsinə təyin edilib.
Onun sədrəzəmliyi Osmanlı dövlətinin yenilənmə, maliyyə imkanlarının artırılması və mərkəzi hakimiyyətin gücləndirilməsinə çalışıldığı mühüm tarixi mərhələyə təsadüf edib. Lakin siyasi səbəblərdən vəzifədən azad edildikdən sonra Sakız adasına sürgün olunub, sərvəti dövlət tərəfindən müsadirə edilib. Daha sonra Manisaya göndərilən İzzət Mehmed Paşa 9 sentyabr 1812-ci ildə burada vəfat edib.
Safranboluda apardığım araşdırma və onun qəbrini ziyarətim zamanı İzzət Mehmed Paşanın yalnız Osmanlı imperiyasının sədrəzəmi deyil, həm də XVIII əsrin mürəkkəb siyasi şəraitində dövlət idarəçiliyində iz qoymuş mühüm şəxsiyyət olduğunu daha yaxından öyrənmək imkanı qazandım.
Bu tarixi səfər Osmanlı dövlətçilik irsinin canlı izlərini yerində görmək, Safranbolunun yetişdirdiyi böyük dövlət adamının həyat yolunu araşdırmaq baxımından xüsusi əhəmiyyət daşıdı. Safranbolulu İzzət Mehmed Paşanın adı bu gün də Osmanlı tarixinin mühüm səhifələrindən birini təşkil edir.
Xaliq Pəhlivanoğlu