Koroğlu Rəhimov Vətənə sədaqəti, cəsarəti və fədakarlığı ilə Azərbaycan hərb tarixində silinməz iz qoymuş qəhrəmanlardan biridir. O, üç övladını və ailəsini geridə qoyaraq xalqın taleyüklü günlərində könüllü şəkildə cəbhəyə yollanıb, torpaqlarımızın müdafiəsi uğrunda son nəfəsinədək mübarizə aparıb.
1990-cı il 20 Yanvar faciəsi və 1992-ci il Xocalı soyqırımı Koroğlu Rəhimovun həyatında dönüş nöqtəsi olub. Xalqın üzləşdiyi ağır sınaqlar onu Vətənin müdafiəsinə qalxmağa sövq edib. O, 1992-ci il martın 17-də könüllü olaraq Milli Ordu sıralarına qoşulub və motoatıcı bölüyün komandiri təyin edilib.
Koroğlu Rəhimovun rəhbərlik etdiyi bölük qısa müddətdə döyüş meydanında böyük uğurlara imza atıb. 1992-ci il iyunun 13-də Goranboy rayonunun Buzluq, Çartaz və Erkəç kəndləri erməni silahlı birləşmələrindən azad edilib. Həmin döyüşlərdə düşmənə ciddi itkilər verdirilib, çoxlu sayda silah-sursat qənimət götürülüb.
Onun komandanlığı altında Mənəşli, Başkənd, Madagiz və Gülüstan kəndlərinin işğaldan azad olunması istiqamətində uğurlu əməliyyatlar həyata keçirilib. İyunun 21-də Madagiz uğrunda gedən ağır döyüşlər zamanı tabor komandirinin və bir qrup hərbçinin mühasirədə qaldığını öyrənən Koroğlu Rəhimov tərəddüd etmədən xilasetmə əməliyyatı təşkil edib. Əməliyyat uğurla başa çatıb və Madagiz kəndi yenidən Azərbaycan Ordusunun nəzarətinə qaytarılıb.
1992-ci il iyulun 3-də Ağdərə istiqamətində növbəti döyüş əməliyyatı zamanı Koroğlu Rəhimov qəhrəmancasına şəhid olub. O, Vətən uğrunda canından keçərək Azərbaycan hərb tarixinin unudulmaz qəhrəmanları sırasında əbədi yer tutub.
Koroğlu Rəhimovun göstərdiyi misilsiz igidlik dövlət tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il tarixli Fərmanı ilə o, ölümündən sonra Azərbaycanın ən ali fəxri adlarından biri olan “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.
Milli Qəhrəman Koroğlu Rəhimovun şərəfli ömür yolu və döyüş salnaməsi bu gün də gənc nəsil üçün vətənpərvərlik, cəsarət və fədakarlıq nümunəsi olaraq yaşayır. Onun əziz xatirəsi Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad edilir.
Xaliq Pəhlivanoğlu