Həsənov İbrahim Məzahir oğlu 8 may 1987-ci ildə Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. 1994-cü ildə şəhid Əkirəm Səlimovun adını daşıyan Kərimbəyli kənd tam orta məktəbinin I sinfinə qəbul olunub və 2005-ci ildə həmin məktəbi bitirib.
Elə həmin il həqiqi hərbi xidmətə çağırılıb və 2007-ci ilin aprel ayında hərbi xidmətini uğurla başa vurub. Hərbi peşəyə olan böyük sevgisi və Vətənə xidmət arzusu onu peşəkar hərbçi olmağa sövq edib.
2009-cu ildə Xüsusi Təyinatlı Qüvvələrin 6 aylıq hazırlıq kursuna qəbul olunub. Təxminən 500 nəfərin iştirak etdiyi bu çətin seçim mərhələsini cəmi 18 nəfər uğurla başa vurub. İbrahim Həsənov kursu müvəffəqiyyətlə bitirərək kəşfiyyatçı-snayper ixtisasına yiyələnib və Xüsusi Təyinatlı Qüvvələrin peşəkar hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb.
Xidməti dövründə düşmən arxasında keçirilən çoxsaylı xüsusi əməliyyatlarda və döyüş tapşırıqlarında iştirak edib. 2016-cı ilin Aprel döyüşlərində igidliklə vuruşub, 2020-ci il Vətən müharibəsində isə ön cəbhədə döyüşərək Füzuli, Cəbrayıl, Xocavənd və Kəlbəcər rayonlarının azad olunması uğrunda aparılan əməliyyatlarda iştirak edib. Döyüşlər zamanı ağır yaralanmasına baxmayaraq, Vətən qarşısındakı müqəddəs borcunu şərəflə yerinə yetirib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamları ilə İbrahim Həsənov göstərdiyi igidliyə və döyüş xidmətlərinə görə aşağıdakı dövlət təltiflərinə layiq görülüb:
“Füzulinin azad olunmasına görə” medalı;
“Cəbrayılın azad olunmasına görə” medalı
“Xocavəndin azad olunmasına görə” medalı;
“Kəlbəcərin azad olunmasına görə” medalı;
“İgidliyə görə” medalı;
“Döyüşdə fərqlənməyə görə” medalı;
“Şücaətə görə” medalı.
İbrahim Həsənovun hərbçi peşəsini seçməsinin əsas səbəbi uşaqlıq illərində yaşadığı ağır həyat hadisəsi olub. 1993-cü ildə, cəmi 6–7 yaşı olarkən əmisi, Vətən uğrunda şəhid olmuş Həsənov Cabir İbrahim oğlunu itirib. Bu hadisə onun yaddaşında silinməz iz buraxıb, Vətən sevgisini və düşmənə qarşı qətiyyətini daha da gücləndirib. O, illərlə şəhid əmisinin qisasının alınacağı günü gözləyib.
Otuz ilə yaxın davam edən həsrətdən sonra 2020-ci il Vətən müharibəsində döyüşmək ona qismət olub. Xüsusi Təyinatlı Qüvvələrin mənsubu kimi iştirak etdiyi döyüşlərdə üzərinə düşən bütün tapşırıqları layiqincə yerinə yetirib və bu gün qürur hissi ilə şəhid əmisinin qisasının alındığını bildirir.
İbrahim Həsənovun həyat yolu Vətənə sonsuz sədaqətin, peşəkarlığın, cəsarətin və qəhrəmanlığın bariz nümunəsidir.
Xaliq Pəhlivanoğlu