İnformasiya Portalı

MİLLİ QƏHRƏMAN ASİF MƏHƏRRƏMOV.

0

Azərbaycanın Milli Qəhrəmanı Asif Yusif oğlu Məhərrəmov (Fred Asif) 1952-ci il iyulun 26-da Ağdam şəhərində dünyaya gəlib. On bir uşaqlı ailənin böyük övladı olan Asif Məhərrəmov uşaqlıq illərindən idmana maraq göstərib, boks və futbol ilə məşğul olub. 1969-cu ildə Ağdam şəhər 1 nömrəli orta məktəbini bitirdikdən sonra əmək fəaliyyətinə Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi başlayıb.
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü başlayandan sonra Asif Məhərrəmov Vətənin müdafiəsinə qalxan ilk könüllülərdən biri olub. 1991-ci ildən etibarən Ağdam rayonunun Abdal-Gülablı, Xıdırlı, Əmirallar, Sırxavənd, Bağbanlar və Əhmədavar kəndlərində müdafiə dəstələrinin yaradılmasına rəhbərlik edib. Peşəkar hərbçi olmasa da, döyüşlərdə göstərdiyi igidlik və təşkilatçılıq bacarığı yüksək qiymətləndirilib. Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə ona polkovnik-leytenant hərbi rütbəsi verilib və batalyon komandiri təyin edilib.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımı zamanı dinc sakinlərin xilas edilməsi məqsədilə Ağdam–Əsgəran istiqamətində humanitar dəhlizin açılması əməliyyatında öz batalyonu ilə fəal iştirak edib. Həmin ilin mart ayında isə minaaxtaranlar hissəsinin komandiri təyin olunub. Onun rəhbərliyi və iştirakı ilə Aranzəmin, Pircamal və Dəhrəz kəndləri düşmən qüvvələrindən azad edilib.
1992-ci ilin martında Füzuli istiqamətində gedən döyüşlərdə də böyük şücaət göstərərək düşmənə ciddi itkilər verdirib. İyunun 24-də gedən ağır döyüşlərin birində ağır yaralansa da, müalicədən sonra yenidən cəbhəyə qayıdıb. Dəfələrlə yaralanmasına baxmayaraq, döyüş ruhunu itirməyən Asif Məhərrəmov şəxsi nümunəsi ilə silahdaşlarına ruh yüksəkliyi aşılayıb.
Səhhəti ağırlaşdıqdan sonra Bakıya gətirilərək xəstəxanaya yerləşdirilib. Ağdamın işğalı xəbərini xəstəxanada alan qəhrəman döyüşçü bu xəbəri böyük sarsıntı ilə qarşılayıb və səhhəti daha da pisləşib.
Polkovnik-leytenant Asif Məhərrəmov 1994-cü il iyulun 1-də döyüşlərdə aldığı ağır yaraların fəsadları nəticəsində vəfat edib. O, Bakı şəhərində yerləşən II Fəxri xiyabanda dəfn olunub.
Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.