İnformasiya Portalı

ŞƏHİD ANASININ ARZUSU GERÇƏKLƏŞDİ: DİLAĞARDADA “QƏHRƏMANLAR BULAĞI” İSTİFADƏYƏ VERİLDİ

0

Şəhid Abbasov İlhamın anası Qunça Abbasovanın ən böyük arzularından biri doğulub boya-başa çatdığı Füzuli rayonunun Dilağarda kəndində yerləşən qədim bulağın bərpa olunaraq şəhidlərin əziz xatirəsinə ithaf edilməsi idi.
2023-cü ilin yaz aylarında Qunça Abbasova yaxınları ilə birlikdə uzun illərdən sonra doğma kəndinə səfər edib. O, əvvəlcə atasının məzarını ziyarət etdikdən sonra vaxtilə kənd sakinlərinin əsas su mənbələrindən biri olan, lakin işğal dövründə dağıdılmış bulağın yanına gəlib. Bulağın suyundan içən şəhid anası duyğularını gizlədə bilməyib və həmin an ürəyindəki ən böyük arzusunu dilə gətirib.
Qunça Abbasova yaxın qohumu, həm qayını oğlu, həm də kürəkəni olan Əlqəmə Abbasova müraciət edərək bulağın yenidən bərpa olunmasını, şəhid oğlu İlham Abbasovun və Dilağarda kəndinin digər şəhidlərinin əziz xatirəsinə ithaf edilməsini istəyib. O, bulağın gələcəkdə “Qəhrəmanlar Bulağı” adlandırılmasını arzuladığını bildirib.
Kəndinə və elinə bağlılığı ilə seçilən Əlqəmə Abbasov şəhid anasının bu istəyini böyük məsuliyyətlə öz üzərinə götürüb. Həmin gündən etibarən bulağın bərpası istiqamətində hazırlıq işlərinə başlanılıb, layihə hazırlanıb və bütün zəruri prosedurlar həyata keçirilib.
2025-ci il oktyabrın 5-də aidiyyəti dövlət qurumlarından qanunvericiliyin tələblərinə uyğun şəkildə bütün lazımi icazələr alınıb. Layihənin həyata keçirilməsi prosesində heç bir qanun pozuntusuna yol verilməyib. Qunça Abbasova da bu müddət ərzində görülən işlərlə yaxından maraqlanıb, aidiyyəti şəxslərlə görüşərək layihənin gedişini daim nəzarətdə saxlayıb.
Qunça Abbasova hər zaman torpaqlarımızın işğaldan azad olunmasına görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib. O, doğma kəndinə qayıtmaq, ata yurdunu yenidən görmək və bu müqəddəs layihənin təməlini qoymaq imkanı qazandığı üçün dövlət rəhbərliyinə təşəkkürünü dəfələrlə dilə gətirib.
Lakin şəhid anasının səhhəti qəfil pisləşib və o, 2026-cı il yanvarın 21-də dünyasını dəyişib. Beləliklə, böyük arzusu ilə başlanan layihənin tamamlandığını görmək ona nəsib olmayıb.
Nəhayət, 2026-cı il mayın 16-da Dilağarda kəndində “Qəhrəmanlar Bulağı”nın təntənəli açılışı baş tutub. Mərasimdə şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və yüzlərlə kənd sakini iştirak edib.
Bu gün “Qəhrəmanlar Bulağı” yalnız Dilağarda sakinlərinin deyil, ətraf kəndlərdən gələn insanların da istifadə etdiyi mühüm su mənbəyinə çevrilib. Eyni zamanda, bulaq şəhidlərin xatirəsinin yaşadıldığı mənəvi məkan kimi ziyarət olunur.
Şəhid anasının müqəddəs arzusunun reallaşmasında xüsusi əməyi olan, layihənin ərsəyə gəlməsi üçün təmənnasız şəkildə çalışan Abbasov Əlqəmə Şakir oğluna və əməyi keçən hər kəsə dərin minnətdarlıq ifadə olunur. Onun fədakar fəaliyyəti nəticəsində həm kənd sakinlərinin uzun illərdir mövcud olan su problemi həll olunub, həm də şəhidlərin xatirəsini əbədiləşdirən dəyərli bir abidə yaradılıb.
“Qəhrəmanlar Bulağı” bu gün həm şəhidlərimizin əziz xatirəsinə ehtiram nümunəsi, həm də doğma torpaqlarımıza qayıdışın, quruculuğun və milli birliyin rəmzi kimi yaşayır.

Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.