Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın Mövlud Günü

Bu gün Şəhid Milli Qəhrəman Mübariz Ağakərim oğlu İbrahimovun mövlud günüdür.

Mübariz Ağakərim oğlu İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdı. Orta təhsilini Şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbində almış, daha sonra Biləsuvar Rayon Hərbi Komissarlığından Milli Ordu sıralarına çağrılmışdı. O, Daxili Qoşunların Xüsusi təyinatlı bölüyündə xidmətə başlayır. Qısa müddətdə çavuş rütbəsi alır.

Hərbi xidmətini başa vurduqdan sonra bir müddət mülki işlərdə çalışır. Lakin Vətənə olan sevgisi onu yenidən könüllü olaraq yenidən ordu sıralarına qaytarır. Mübariz İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlıq kursunda təhsil alır. Sonra ehtiyat hərbi hissədə xidmətə göndərilir.

Mübariz yalnız ön cəbhədə olmağa çalışırdı. O, dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək, onu ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir. Nəhayət istəyinə nail olur.

18 iyun 2010-cu ildə Tərtər rayonu yaxınlığında yerləşən Şiştəpə adlanan ərazisində saat 23:30 radələrində bir qrup erməni hərbiçisi atəşkəsi pozaraq mövqelərimizə hücuma keçir.  Milli Ordunun əsgərləri bu dəfə də düşmənə layiqli cavab verirdi.

Gizir Mübariz  bu döyüşdə xüsusi ilə fərqlənirdi. O, hücuma keçən erməni yaraqlılarının həmləsini dəf edərək təkbaşına düşmənin onlarla canlı qüvvəsini məhv edir. Bu döyüşdə o, qəhrəmancasına həlak olur.

Subay idi.

Azərbaycan Respublikası Prezidenti tərəfindən  Mübariz Ağakərim oğlu İbrahimova ölümündən sonra «Azərbaycanın Milli Qəhrəmanı» adı verilmişdir.

Biləsuvar rayonunda adına küçə və orta məktəb var.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ