Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın Mövlud Günü

Bu gün Şəhid Milli Qəhrəman Təbriz Xəlil Rza oğlu Xəlilbəylinin mövlud günüdür.

Təbriz Xəlil Rza oğlu Xəlilbəyli 1964-cü il fevralın 12-də Bakı şəhərində – xalq şairi Xəlil Rza Uluturkün ailəsində dünyaya göz açıb. Orta təhsilini  Mikayıl Müşfiq adına 18 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olur. Təhsilini Kütləvi tamaşalar üzrə rejissor fakültəsində qiyabi yolla davam etdirməklə o, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işıqçı işləyir.

Ermənilərin Azərbaycana təcavüzü və torpaq iddiaları Təbrizi gecə-gündüz rahat buraxmırdı. O, könüllü olaraq cəbhəyə yola düşdü.

Təbriz qısa döyüş yolu keçsə də, yoldaşları arasında böyük nüfuz və hörmət qazanmışdı. Onu cəsur bir döyüşçü kimi tanıyırdılar. Xromort və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, dəfələrlə qəhrəmanlıq nümunəsi göstərmişdi. Təbriz Xəlilbəyli neçə-neçə yaralı əsgəri atəş altından çıxarmış, düşmənin xeyli canlı qüvvəsini məhv etmişdi. Döyüş şücaətlərinə görə o, DİN-nin “Boz qurd” mükafatına layiq görülmüşdü.

O, 1992-ci il yanvar 31-də baş verən döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ailəlidir. İki qız övladı yadigar qaldı.

Azərbaycan Respublikası Prezidenti tərəfindən  Təbriz Xəlil Rza oğlu Xəlilbəyliyə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı evin qarşısına Xatirə lövhəsi vurulub.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ