Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın şəhadət günü

Bu gün Şəhid Milli Qəhrəman Məhərrəm Mirəziz oğlu Seyidovun şəhadətindən daha bir il ötür.

 

Məhərrəm  1952-ci ilin sentyabr ayının 7-də Şərur rayonunun Alışar kəndində doğulmuşdur. Orta təhsilini Şərur rayon  N.Nərimanov adına orta məkəbdə almışdır.

Hərbi xidmətini Xerson şəhərində başa vurduqdan sonra  Daxili İşlər Orqanlarında işləməyə başlamışdır.

1980-ci ildə M.Seyidov Moskva Olimpiadasında ictimai asayişin mühafizəsində fərqləndiyinə görə mükafatlandırılmışdır.

Məhərrəm Seyidov Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir. Şərur rayon Daxili İşlər Şöbəsi yanında mühafizə şöbəsində baş inspektor vəzifəsində çalışırdı. Milis kapitanı idi.

Azərbaycanın Ermənistanla həmsərhəd olan Sədərək rayonu da digər rayonlar kimi erməni quldurları tərəfindən atəşə tutulurdu.

1990-cı ilin yanvar ayının 16-da erməni silahlı birləşmələri Kərki kəndinə hücumlara başlamışdılar. Minlərlə erməni qulduru Kərkini darmadağın edərək evləri yandırmış, soydaşlarımızı öz doğma yurd-yuvalarını tərk etməyə məcbur etmişdilər. Onla getdikcə Sədərək rayonuna tərəf irəliləyirdilər. Vəziyyət son dərəcə gərgin idi. Təhlükə barədə Şərur rayon Daxili İşlər Şöbəsinə məlumat daxil olanda Məhərrəm Seyidovun iştirakı ilə bir qrup polis əməkdaşı hadisə yerinə göndərildi.

1990-cı il yanvarın 19-da Sədərəyin müdafiəsi təmin olunsa da, ölən və yaralanan var idi. Kapitan Azər Seyidov mühasirəyə düşmüşdü. Onu azad etmək üçün Məhərrəm döyüşə atıldı və güllə yağışı altında özünü Azərə yetirdi. Məhərrəm Seyidov çətinliklə də olsa, öz döyüş yoldaşını mühasirədən çıxardı, lakin özü qəhrəmancasına şəhid oldu və Şərur rayonunun Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Azərbaycan Respublikası Prezidenti tərəfindən  Kapitan Məhərrəm Mirəziz oğlu Seyidov (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş və (ölümündən sonra) “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuşdur.

Ailəli idi. Dörd övladı yadigar qaldı.

Şərur şəhərində Şəhid Milli Qəhrəman Məhərrəm Seyidovun adına küçə var, tuncdan büstü qoyulmuşdur. 2 saylı Şərur şəhər orta məktəbi Qəhrəmanın adını daşıyır.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ