Siyası Online Qəzet

Şəhid Milli Qəhrəmanın mövlud günü

Bu gün Şəhid Milli Qəhrəman Fəxrəddin İbrahim oğlu Şahbazovun mövlud günüdür.

 

Fəxrəddin İbrahim oğlu Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhər 20 saylı tam orta məktəbində almış, daha sonra Bakı Neft Texnikumuna daxil olmuşdur.h

Texnikumda təhsil aldığı müddətdə hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini başa vurduqdan sonra isə ordudan tərxis olunaraq  texnikumda təhsilini davam etdirmişdir.

O, 1972-ci ildə Azərbaycan Teleradio Şirkətində əmək fəaliyyətinə başlamış və 20 il burada fasiləsiz olaraq operator vəzifəsində çalışmışdır.

1988-ci ildə ermənilərin Qarabağda açıq silahlı basqınlar başladığı vaxtda cəbhə bölgələrinə gedib telereportajlar hazırlamaq o qədər də asan iş deyildi. Hər an ölüm təhlükəsi vardı.

Fəxrəddin isə emr gözləmədən telejurnalistlərlə tez-tez sərhəd rayonlarına gedir, qaynar nöqtələrdən müxtəlif verilişlərin hazırlanmasında böyük səy göstərirdi.

 

1991-ci ilin noyabr ayında Fəxrəddinin də aralarında olduğu Azərbaycan Teleradio Şirkətinin bir qrup əməkdaşı cəbhə bölgələrinə ezam olunmuşdu.  Onlar Ağdam rayon ictimaiyyəti ilə respublikanın rəhbər işçilərinin görüşündən reportaj hazırlamalı idilər.

Bu ərəfədə ermənilər Xocavənddə yeni təxribatlar törətmişdilər. Ölən və yaralananlar var idi. Rəhbər işçilər hadisə yerinə gedib məsələni yerindəcə aydınlaşdırmalı idilər.

 

20 noyabr 1991-ci il tarixdə Mİ-8 vertolyotu Ağdam istiqamətindən havaya qalxdı. Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında iriçaplı pulemyotlardan atəşə tutulan vertolyot yerə enərkən parçalandı. Respublikanın tanınmış şəxsləri ilə birlikdə tele-operator Fəxrəddin Şahbazov da qəhrəmancasına şəhid oldu.

Qəhrəmanımız Bakı şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ailəli idi. İki qız övladı yadigar qaldı.

Azərbaycan Respublikası Prezidenti tərəfindən   Fəxrəddin İbrahim oğlu Şahbazova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Biz də VƏTƏNQƏHRƏMANLARI.AZ saytı olaraq qəhrəmanımızın ailəsinə başsağlığı verir və səbr diləyirik.

Allah rəhmət eləsin!

 

NƏRMİN SƏFƏROVA

VƏTƏNQƏHRƏMANLARI.AZ