Binəqədi rayonu, 9-cu korpus, 1-ci Mədən, Eravanqala küçəsində yaşayan 30-dan artıq ailə uzun müddətdir ciddi su və kanalizasiya problemi ilə üz-üzə qalıb. Bu ailələrin arasında Şəhid Milli Qəhrəman ailəsi,beş şəhid ailəsi, iki qazi ailəsi, dörd veteran ailəsi və digər sakinlər yaşayır.
Sakinlərin sözlərinə görə, küçəyə həftədə cəmi bir-iki dəfə su verilir, bəzi hallarda isə ümumiyyətlə su gəlmir. Ərazidə kanalizasiya sistemi də yoxdur. Hər kəs öz şəxsi vəsaiti hesabına evinə su çəkdirib, aidiyyəti qurum isə sayğac quraşdırmasına baxmayaraq, insanlar fasiləsiz su ilə təmin edilmir.
Şəhid Milli Qəhrəman Pəhlivan Fərzəliyevin xanımı Sona xanım bildirib ki, dəfələrlə Binəqədi rayonunun aidiyyəti su təsərrüfatı qurumuna yazılı və şifahi müraciətlər etsələr də, problemləri həll olunmayıb.
“Biz dövlətimizdən əlavə heç nə istəmirik. Yeganə istəyimiz evimizdə suyun olması və normal kanalizasiya sisteminin qurulmasıdır. Yayın bu qızmar günlərində susuz yaşamaq çox ağırdır. Sayğac qoyulub, su pulu tələb olunur, amma su yoxdur. Şəhid ailələri, qazilər, veteranlar, uşaqlar və yaşlı insanlar bu çətinliyi hər gün yaşayırlar.”
Sona xanım vurğulayıb ki, ölkədə şəhid ailələrinə göstərilən diqqət və qayğını daim hiss edir və buna görə cənab Prezident İlham Əliyevə və hörmətli Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını bildirir.
“Mən Mehriban xanımla dəfələrlə görüşmüşəm, amma indiyədək heç vaxt şəxsi şikayətim olmayıb. Bu dəfə isə məcburam Binəqədi rayonunda yaşayan onlarla ailənin, şəhid ailələrinin, qazilərin və veteranların su problemini şəxsən onun diqqətinə çatdırım. Çünki artıq başqa çıxış yolumuz qalmayıb.”
Sona xanım bildirib ki, məqsədi heç kimi əsassız ittiham etmək deyil, yalnız uzun müddətdir həllini tapmayan problemin aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırılmasıdır.
“Biz sadəcə istəyirik ki, hər bir Azərbaycan vətəndaşı kimi evimizdə fasiləsiz su olsun, normal kanalizasiya sistemi qurulsun və övladlarımız bu şəraitdə yaşamasın.”
Sakinlər bildirirlər ki, onların tələbi heç bir imtiyaz deyil. Onlar yalnız ən elementar yaşayış hüququ olan içməli su və kanalizasiya infrastrukturunun təmin edilməsini istəyirlər.
30-dan artıq ailə ümid edir ki, dövlət rəhbərliyinin diqqəti nəticəsində Binəqədi rayonu, 9-cu korpus, 1-ci Mədən, Eravanqala küçəsində illərdir davam edən su və kanalizasiya problemi qısa zamanda öz həllini tapacaq. Çünki su və kanalizasiya rahatlıq deyil, hər bir insanın layiqli həyat sürməsi üçün ən əsas hüquqlardandır.
Xaliq Pəhlivanoğlu