İnformasiya Portalı

QƏHRƏMANLIQLA YAZILAN ÖMÜR – ŞƏHID ALMURAD SADATOVUN ANIM GÜNÜ

0

Bu gün Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri – Şəhid Sadatov Almurad Sadatxan oğlunu dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edirik.
Almurad Sadatov 26 aprel 1970-ci ildə Füzuli rayonunun Qobu Dilağarda kəndində dünyaya göz açmışdır. Uşaqlıqdan vətənpərvərlik, mərdlik və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə almış, el-obasına, xalqına və dövlətinə sədaqətli bir övlad kimi boya-başa çatmışdır.
1992-ci ildə Füzuli Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılan Almurad Sadatov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük cəsarət, qətiyyət və şücaət nümayiş etdirmiş, ön cəbhədə Vətənə şərəflə xidmət etmişdir.
1993-cü il avqustun 6-da Füzuli rayonunun Üçtəpə yüksəkliyi istiqamətində gedən ağır və həlledici döyüşlər zamanı son nəfəsinə qədər düşmənə qarşı mərdliklə vuruşmuş, müqəddəs Azərbaycan torpaqlarının müdafiəsi uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalmışdır. Onun qəhrəmanlığı, Vətən sevgisi və fədakarlığı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda yazılan şanlı qəhrəmanlıq salnaməsinin ayrılmaz hissəsidir.
Almurad Sadatov qəhrəmanlar nəslinin layiqli nümayəndələrindən biri idi. Vətənə sevgi, qeyrət, mərdlik və fədakarlıq onun ailəsində yaşadılan müqəddəs dəyərlər idi. Bu dəyərlər onun həm həyat yolunda, həm də döyüş meydanında göstərdiyi igidlikdə öz parlaq ifadəsini tapdı. O, Vətən qarşısındakı müqəddəs borcunu şərəflə yerinə yetirərək adını Azərbaycanın unudulmaz şəhidləri sırasına yazdırdı.
Şəhid Almurad Sadatovun yaxın qohumu Azərbaycanın Milli Qəhrəmanı, şəhid polis baş leytenantı Pəhlivan Əhliman oğlu Fərzəliyevdir. Eyni ailədən iki qəhrəmanın Vətən uğrunda canından keçməsi bu nəslin Vətənə bağlılığının, milli ruhunun və fədakarlığının bariz təcəssümüdür. Həm Almurad Sadatov, həm də Milli Qəhrəman Pəhlivan Fərzəliyev həyatlarını Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban verərək xalqımızın qəhrəmanlıq tarixində silinməz iz qoymuşlar.
Bu gün onların əziz xatirəsi dərin ehtiramla yad edilir. Onların şərəfli ömür yolu, göstərdikləri şücaət və Vətənə sonsuz məhəbbəti gənc nəsillər üçün əsl vətənpərvərlik məktəbi, milli birlik və fədakarlıq nümunəsidir. Onların müqəddəs ruhu Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq, qəhrəmanlıqları isə gələcək nəsillərə örnək olacaq.
Şəhidlər ölmürlər. Onlar Vətənin azad səmasında əbədi yaşayan qəhrəmanlardır. Bu gün üzərində qürurla yaşadığımız müqəddəs torpaqlar onların qanı və canı bahasına qorunub. Bizim borcumuz onların xatirəsini daim uca tutmaq, müqəddəs amallarına sadiq qalmaq və gələcək nəsillərə tanıtmaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun.
Ruhun şad olsun, Şəhid Sadatov Almurad Sadatxan oğlu! Adın və qəhrəmanlığın Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Unudulmazsan!


Xaliq Pəhlivanoğlu

Bir cavab yazın

Your email address will not be published.