Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhidliyindən 13 il ötür. Bu gün Azərbaycan torpaqlarını erməni işğalçılarından azad etmək uğrunda canından keçmiş Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu gündür. Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Vətən sevgisi onu 2009-cu ilin avqust ayında yenidən könüllü olaraq hərbi xidmətə qaytarıb. Bu dəfə gizir rütbəsi ilə fəaliyyətə başlayan Mübariz, öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə yollanıb. 2010-cu il iyunun 18-də gecə saatlarında gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçərək Ermənistan silahlı qüvvələrinin mövqelərinə hücum edib. Qeyri-bərabər döyüşdə düşmənin çox sayda əsgər və zabitini məhv edən qəhrəmanımız, onların öz silahlarını özlərinə qarşı istifadə edərək 5 saat təkbaşına vuruşub. Azərbaycan giziri iyunun 18-nə keçən gecə, səhər saatlarında baş verən bu qanlı döyüşdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.