Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, IDEA İctimai Birliyinin təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın bu gün doğum günüdür.
Leyla Əliyeva 3 iyul 1985-ci ildə anadan olub. O, 1989–2000-ci illərdə Bakı şəhərindəki 160 nömrəli tam orta məktəbdə təhsil alıb. Orta məktəbi bitirdikdən sonra Avropa Biznes Məktəbində təhsilini davam etdirib, 2006–2008-ci illərdə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.
2007-ci il mayın 10-dan Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri kimi fəaliyyət göstərən Leyla Əliyeva, 2011-ci ildən Fondun vitse-prezidentidir.
İctimai fəaliyyətində sosial və humanitar layihələrə xüsusi önəm verən Leyla Əliyeva aztəminatlı ailələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara, yaşlı insanlara, qaçqın və məcburi köçkünlərə göstərilən dəstək proqramlarında yaxından iştirak edir. Onun təşəbbüsü və dəstəyi ilə təhsil, səhiyyə, mədəniyyət, idman və sosial müdafiə sahələrində çoxsaylı layihələr həyata keçirilir.
Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatı (AMOR) Azərbaycanın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində mühüm fəaliyyət göstərir. Təşkilat eyni zamanda Rusiyada yaşayan azərbaycanlı gənclərin milli kimliyinin qorunması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi istiqamətində müxtəlif layihələr reallaşdırır.
2007-ci ilin dekabrında Moskvada nəşr olunan “Baku” jurnalını təsis edən Leyla Əliyeva, 2008-ci il mayın 8-də “Xocalıya Ədalət” beynəlxalq kampaniyasına start verib. Bu təşəbbüs çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə çoxsaylı tədbirlər və aksiyalar təşkil olunur.
Ətraf mühitin mühafizəsi sahəsində də fəal fəaliyyət göstərən Leyla Əliyeva IDEA İctimai Birliyinin təsisçisi və sədridir. Onun təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət”, “Məktəb bağları” və digər ekoloji layihələr çərçivəsində ölkənin müxtəlif bölgələrində abadlıq işləri görülüb, milyonlarla ağac əkilib və ekoloji maarifləndirmə istiqamətində mühüm addımlar atılıb.
İctimai və humanitar fəaliyyətinə görə Leyla Əliyeva bir sıra dövlət və beynəlxalq mükafatlarla təltif olunub. O, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib. Həmçinin “Key to Life” fəxri mükafatına, “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” medalına, “Ekoloji mühitin qorunmasına görə” beynəlxalq şərəf mükafatına, III dərəcəli Müqəddəs Mələksima “Knyaginya Olqa” ordeninə, “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” və “Puşkin” medallarına layiq görülüb. 2015-ci ildə isə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri adına layiq görülüb.
Leyla Əliyeva ictimai fəaliyyəti ilə yanaşı yaradıcılıq sahəsində də tanınır. O, şeirlər müəllifidir, rəssamlıqla məşğul olur, “Əli və Nino” filminin icraçı prodüseri, həmçinin “Bakı, mən səni sevirəm” kinolayihəsinin rəhbəri kimi mədəniyyət sahəsinə də töhfələr verib.
Xaliq Pəhlivanoğlu