15 avqust 2026-cı il tarixində Cəbrayıl rayonunun Daş Veysəlli kəndində Şişqaya və Daşbaşı əməliyyatlarının ildönümünə həsr olunmuş “Ağtəpədən Şəhidlər Abidə Kompleksinə” adlı anım tədbiri keçirildi.Daş Veysəlli kəndi həmin döyüşlərdə altı qəhrəman övladını şəhid verib. Onlar Azər Hümbət oğlu Aslanov, Ramiz Süleyman oğlu Xudiyev, Savalan Ömər oğlu Quliyev, Zahid Əvəz oğlu Abdullayev, Murad Hafis oğlu Cəfərov və Həsən Hüseyn oğlu Hüseynovdur.
Mərasim üçrəngli bayraqlarımızla bəzədilmiş avtoyürüşlə başladı. Anım tədbirində şəhid ailələri, qazilər, müharibə veteranları, kənd ictimaiyyətinin nümayəndələri və müxtəlif bölgələrdən gəlmiş qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları şəhid ailələri ilə birlikdə qəhrəman eloğullarımızın vaxtilə yaşadıqları, bu gün isə müharibənin ağır izlərini daşıyan viran qalmış evlərini ziyarət ediblər. Şəhidlərimizin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib. Şəhid ailə üzvlərinin öz doğmaları haqqında kövrək və unudulmaz xatirələri dinlənilib.Daha sonra anım mərasimi Daş Veysəlli Şəhidlər Abidə Kompleksində davam etdirilib. Burada çıxış edənlər Şişqaya və Daşbaşı döyüşlərində qəhrəmancasına vuruşan, Vətən uğrunda canlarından keçən eloğullarımızın şücaətindən, onların göstərdikləri misilsiz qəhrəmanlıqdan söz açıblar. Bildirilib ki, şəhidlərimizin keçdiyi döyüş yolu və göstərdikləri fədakarlıq kəndin tarixində əbədi yaşayacaq.
Anım tədbirində Nizami rayon Milli Qəhrəmanlar Cəmiyyətinin üzvü, “Vətən qəhrəmanları.az” saytının əməkdaşı Nemət Elşən oğlu Əhmədov da iştirak edib. Qeyd etmək lazımdır ki, Nemət Əhmədovun atası Elşən Əhmədov da Daş Veysəlli kəndinin sakini və Qarabağ müharibəsi qazisidir. Onun tədbirdə iştirakı kəndlə bağlı mənəvi bağların və şəhidlərimizin xatirəsinə olan ehtiramın daha bir ifadəsi olub.Bu tədbir bir daha göstərdi ki, şəhidlər unudulmur, onların xatirəsi yaşadılır və gələcək nəsillərə əmanət edilir. Ağtəpədən başlayan yürüş yalnız bir məkanın ziyarəti deyil, həm də keçmişimizə, şəhidlərimizə və doğma yurda sədaqətin ifadəsi idi.
Anım mərasimi çay süfrəsi ətrafında səmimi söhbətlərlə başa çatıb.


